
Bakı. Trend:
Milli Müdafiə Universitetinin hərbi kolleclərində orta ixtisas
təhsili pilləsinə 2024/2025-ci tədris ili üçün qəbul elan
olunub.
Trend xəbər verir ki, bu
barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qəbulla bağlı qaydaları da təqdim edib:
ÜMUMİ MÜDDƏALAR:
Tədris dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 2 il
Cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini
bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan
Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18
yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (zabit və gizir
(miçman) hərbi rütbəsi olanlar istisna olmaqla) və hərbi
vəzifəlilər qəbul edilirlər.
Hərbi kolleclərə orta ixtisas təhsili pilləsinə qəbul olan şəxslər
təhsil müddətində bütün təminat növləri ilə təmin olunurlar.
Hərbi kolleclərin məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki
ixtisas üzrə subbakalavr peşə-ixtisas dərəcəsi də verilir.
SƏNƏDLƏRİN QƏBULU:
Hərbi kolleclərə qəbul olmaq istəyən namizədlər 1 aprel 2024-cü
il tarixindən 30 aprel 2024-cü il tarixinədək ərizə ilə müraciət
etməlidirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
– abituriyentin təsdiq olunmuş elektron ərizəsindən çıxarış;
– anket forması (yerində doldurulur);
– tam orta təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün
arayış);
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin
surəti;
– yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış;
– nikah haqqında şəhadətnamənin surəti (evli olduqda);
– uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq
olduqda);
– ailə tərkibi və yaşayış yeri haqqında arayış;
– rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm və 2 ədəd
4.5×6 sm ölçüdə);
– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya
qəyyumlarının razılıq ərizələri;
– elektrokardioqramma;
– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;
– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair
müayinələrinin nəticələri;
– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin
nəticələri;
– sidiyin ümumi analizi;
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən
(kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat
haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd
tərəfindən komissiyaya şəxsən təqdim edilir.
HƏRBİ KOLLECLƏRƏ QƏBUL AŞAĞIDAKI QAYDADA HƏYATA KEÇİRİLİR:
Namizədlər hərbi həkim komissiyasında müayinədən keçməlidirlər.
Hərbi həkim komissiyasından keçmək üçün tarix və ünvan namizədlərə
əlavə olaraq bildiriləcək.
Götürülməmiş intizam cəzası olan (yalnız hərbi qulluqçular),
məhkumluğu ödənilməmiş və ya üzərindən götürülməmiş, həmçinin ağır
və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş,
hərbi təhsil müəssisələrindən xaric edilən, hərbi həkim komissiyası
tərəfindən hərbi kollecdə təhsil almağa yararsız hesab olunan və
öyrənilmə tədbirləri keçirilən zaman hərbi kolleclərə qəbula mane
olan digər hallar müəyyən edilən şəxslər hərbi kolleclərdə təhsil
almaq üçün namizədlər siyahısına daxil edilmirlər.
Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin
siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan
Mərkəzinə göndərilir.
Namizədlərin hərbi kolleclərə qəbulu müvafiq tədris ilində tam
orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən
abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə
müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri
nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata
keçirilir.
Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan
olunur.
Sənəd qəbulu üzrə regional məntəqələrin siyahısı və ünvanları
barədə məlumat 30 mart tarixinədək Milli Müdafiə Universitetinin
internet saytında (qəbul qaydaları) dərc olunacaqdır.
Ətraflı məlumat üçün əlaqə nömrəsi : *0811 (həftənin iş günləri,
saat 09:00-dan 18:00-dək).





























