Advertisement

İRİA Azərbaycanda ikinci vençur fondunun yaradılmasının təfərrüatını açıqlayıb (ÖZƏL)

Bakı. Trend:

Növbəti vençur fondlarına əlavə olaraq 10 milyon ABŞ dolları
dəyərində investisiya yatırılması planlaşdırılır.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)
İnnovativ Ekosistem şöbəsinin rəhbəri Yevgeniya Bikmurzina
deyib.

“İlk vençur fondunun yaradılması ilə Azərbaycanın həm qlobal
arenada, həm də investisiyalar kontekstində türk ölkələri arasında
mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Vençur fondu yerli
startaplara investisiyalarla yanaşı, həm də öz investisiyalarını
regiondakı startaplara yönəldir ki, bu da investisiyalar
xəritəsində Azərbaycanın mövqeyini möhkəmləndirir. Xarici
startaplar Azərbaycana getdikcə daha çox maraq göstərərək vençur
fondumuzdan investisiyalar əldə etməyə çalışır. Vəziyyətin
yaxşılaşdırılması üçün növbəti vençur fondlarına 10 milyon dollar
dəyərində əlavə investisiyaların yatırılmasını planlaşdırırıq. Bu,
bir və ya həm yerli, həm də qlobal və regional olmaqla bir neçə
fondun yaradılması ola bilər. Burada biz LP [məhdud məsuliyyətli
tərəfdaş] olaraq çıxış edəcəyik. Bu vençur fondları həmçinin,
investisiyaları həm Azərbaycan startaplarına, həm də
azərbaycanlıların təsisçisi və ya həmtəsisçisi olduğu qlobal
startaplara yönəldəcək”, – o deyib.

Öz növbəsində İRİA-nın idarə heyətinin sədri İnarə Vəliyeva
Trend-ə bildirib
ki, əsas məqsəd idarə olunan vəsaitlərin artırılmasından
ibarətdir.

“Əsas məqsəd idarə olunan vəsaitlərin (assets under management),
yəni Azərbaycan investorları və ya investisiyalarını Azərbaycan
startaplarına yönəldən investorlar tərəfindən idarə olunan vəsaitin
artırılmasından ibarətdir. Misal üçün, bizim “Caucasus Ventures”
fondumuz var ki, 6,6 milyon vəsaitə malikdir. Məqsədimiz bu il ən
azı 10 milyon dollar cəlb etməkdən ibarətdir. Bu məqsədə ikinci
fond yaratmaq yolu ilə nail olmağı planlaşdırırıq. Bu fondda biz LP
rolunda çıxış edəcəyik, yəni əsas tərəfdaş qismində deyil, investor
qismində yatırım qoyulur. Həmçinin Azərbaycanda ofis açacaq və
yerli investorlara təlim keçəcək regional və ya qlobal fonda
investisiya qoymaq imkanı nəzərdən keçirilir. Biz bu cür regional
fondda LP qismində çıxış etməyə hazırıq, bir şərtlə ki, fondun
ümumi həcmindən ən azı 5 milyon dollar Azərbaycan startaplarına,
eləcə də həm ölkə daxilində, həm də ölkədən kənarda yaşayan yerli
təsisçilərin əsasını qoyduğu startaplara yönəldilsin”, – deyə o
əlavə edib.

Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr
2021-ci il tarixli Fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal
transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya
mühitinin formalaşması, ekosistemin möhkəmlənməsinə xidmət edir.
Agentliyin prioritet istiqamətlərini nüvə elmi və texnologiyaları
sahəsində sınaq təcrübələrinin keçirilməsi, fiziki və hüquqi
şəxslərin innovasiya yönümlü elmi tədqiqatlarda və innovasiya
layihələrində (startaplarda) dəstəklənməsi, müasir texnologiya və
texnoloji həllərin əldə edilməsində köməklik göstərilməsi, ölkədə
İKT sahəsində maarifləndirici və karyera imkanlarının
əlçatanlığının təmin edilməsi, rəqəmsal hökumət və rəqəmsal
cəmiyyətin təşkil olunması təşkil edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)