Advertisement

Bakı hava limanında bayram günlərində sərnişin axını 30%-dən çox artıb

Bakı. Trend:

2024-cü il martın 20-dən 27-dək Heydər Əliyev Beynəlxalq
Aeroportu 121 mindən çox sərnişinə xidmət göstərərək əvvəlki ilin
nəticələrini 32,5% üstələyib. 2023-cü ilin eyni dövründə bu rəqəm
91,3 min sərnişin təşkil edib.

Bayram günlərində hava limanının bütün xidmətləri gücləndirilmiş
iş rejimində çalışaraq fasiləsiz iş rejimini təmin edib və
aeroportun məsuliyyət zonasında hər hansı gecikmələrə yol
verilməyib.

Ən sıx gün martın 24-də olub və 19 334 sərnişinə xidmət
göstərilib. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda
aviaşirkətlər tərəfindən 162 reys həyata keçirilib.

Hava limanından ən populyar istiqamətlər Naxçıvan, İstanbul,
Dubay, Tbilisi, Əbu-Dabi, Moskva, Dehli, Sankt-Peterburq, Ankara və
Aktau olub.