Advertisement

Bayram günlərində ölkədaxili marşrutlar üzrə daşınan sərnişinlərin sayı məlum olub

Bakı. Trend:

Novruz bayramı ilə əlaqədar əhalinin təhlükəsiz və rahat şəkildə
bölgələrə səyahətinin təmin edilməsi məqsədilə “Azərbaycan Dəmir
Yolları” QSC (ADY) 19 mart tarixindən 26 mart tarixinə qədər
gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.


Trend
bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən
xəbər verir.

Məlumata görə, artan sərnişin tələbatı nəzərə alınaraq bayram
günlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə 25 reys təyin
olunub və müvafiq marşrut üzrə 12 599 sərnişin mənzil başına
təhlükəsiz və vaxtında çatdırılıb.

Həmçinin Bakı-Qəbələ-Bakı marşrutu üzrə də qatarlar gündəlik
qrafik üzrə hərəkətdə olub və 2806 sərnişinə xidmət göstərilib.

Ümumilikdə bayram günlərində regionlara əlavə 37 reys xəttə
təyin edilib və 15 405 sərnişin səfər edib. Bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 61% çoxdur.

Qeyd edək ki, bayram günlərində Abşeron dairəvi dəmir yolu xətti
üzrə qatarlar qeyri-iş günlərinin qrafikinə əsasən fəaliyyət
göstərib və ümumilikdə 84 311 sərnişin daşınıb.