
Bakı. Trend:
2024-cü il martın 27-də Fransanın “Le Figaro” qəzetində
Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində yaratmış
olduğu və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin
tör-töküntüləri ilə müsahibə dərc edilib.
Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının
yaydığı bəyanatda deyilir.
Bildirilib ki, Azərbaycanın xalqlar arasında nifaqı geridə
qoymağa xidmət edən, anlaşmaya, barışığa əsaslanan, alicənab və
mərhəmətli siyasəti sayəsində sərbəst qalmış bu şəxs indi yenidən
Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd etmək fikrinə
düşüb:
“Sözügedən şəxs separatçı strukturların Ermənistan ərazisində
fəaliyyətini davam etdirdiyini bildirmiş, Fransa başda olmaqla
xarici gücləri regionun məsələlərinə müdaxilə etməyə çağırmış və
Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə qarşı
çıxmışdır. Sözügedən separatist ünsürlər özlərini “mühacir
hökumət”, “prezident”, “nazir” kimi təqdim edir, Ermənistan
hökuməti isə faktiki olaraq buna göz yumur.
Qeyd edək ki, müsahibənin məhz Fransanın mətbuat orqanlarının
birində dərc edilməsi təsadüfi deyil. Fransa başda olmaqla öz
mənfur geosiyasi niyyətləri ilə regiona daxil olmağa çalışan bəzi
qüvvələr regionda sülhün əldə edilməsinə yol vermək istəmirlər və
bunun üçün bütün vasitələrlə gərginliyi artırmağa çalışırlar.
Ermənistanın hərbiləşdirilməsinə yardımlar, bu müsahibə, 5 aprel
2024-cü ildə keçiriləcək Ermənistan-ABŞ-Avropa İttifaqı sammiti –
bunların hamısı eyni xəttə xidmət edən vahid kampaniyanın tərkib
hissələridir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini
tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırır.
Ermənistan dərk etməldir ki, öz ərazisində Azərbaycanın ərazi
bütövlüyü və suverenliyinə qəsd edən ünsürlərin fəaliyyətinə şərait
yaratması yolverilməzdir.
Qərbi Azərbaycan İcması Ermənistandan revanşist və militarist
siyasətinə son verməyi, Azərbaycanla sülh əldə etmək yolunu tutmağı
və Qərbi azərbaycanlıların öz evlərinə qayıtmasına şərait yaratmağı
tələb edir”.





























