
Bakı. Trend:
Azərbaycanda depozit dollarlaşmasının səviyyəsi manata inamın
qorunduğunu göstərir.
Trend Mərkəzi
Banka istinadən xəbər verir ki, 2024-cü ilin əvvəlindən bəri də
valyuta bazarında tarazlıq qorunub.
“İlin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən
valyuta hərraclarının bir neçəsində valyutaya tələb artmışdır. Buna
səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının
aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir.
2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşları ötən ilin
müvafiq dövrü ilə müqayisədə 17.1% artıb ki, bunun da əhəmiyyətli
hissəsi daxili mənbələr hesabına maliyyələşmişdir. Bu, qeyri-neft
idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub.
Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını
təsdiqləyir”, – Mərkəzi Bankın məlumatında deyilir.
Mərkəzi Bank ümumilikdə, valyuta bazarının profisitli tədiyə
balansı şəraitində fəaliyyət göstərdiyini qeyd edib.
“2023-cü ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar
hesabında ümumi daxili məhsulun (ÜDM) 11.5%-i səviyyəsində profisit
olub. Ticarət balansında 2024-cü ilin ilk 2 ayında 2.3 mlrd. ABŞ
dolları məbləğində profisit formalaşıb. Proqnozlara əsasən mövcud
meyillərin davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari
əməliyyatlar hesabının profisitli olacağı (yanvar proqnozu: 7-8
mlrd.ABŞ dolları) gözlənilir. Bununla yanaşı fevralda depozit
dollarlaşmasının azalmaqda davam etməsi yığım vasitəsi kimi manata
inamın qorunduğunu göstərir.
Belə ki, fevralda maliyyə sektoru çıxılmaqla hüquqi və fiziki
şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi yanvar ayına
nəzərən 1.3 faiz bəndi, ötən ilin fevral ayı ilə müqayisədə isə 9
faiz bəndi azalıb”, – deyə Mərkəzi Bankdan bildiriblər.
Qeyd edək ki, martın 28-də Azərbaycan Mərkəzi Bankı uçot
dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin
8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə
6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul
edib.
Xatırladaq ki, Mərkəzi bankın faiz dəhlizinin parametrləi üzrə
növbəti qərarı mayın 1-də açıqlanacaq.



























