
Bakı. Trend:
Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum
olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin
kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş
uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq.
Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında”
qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, həqiqətən övladlığa və qəyyumluğa götürülməyə
ehtiyacı olan, analoji dövlət müəssisələrində yerləşdirilmiş
uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdıracaq,
habelə bu alətdən sui-istifadə imkanını aradan qaldıracaqdır.
Belə ki, Qanunun 8.1-ci maddəsinin qüvvədə olan redaksiyasına
əsasən qadınlar öz uşaqlarından əlavə uşaqları övladlığa və (və ya)
qəyyumluğa götürüb səkkiz yaşınadək tərbiyyə etdikdə və bu
uşaqların sayı qadının öz uşaqları ilə birlikdə 5 və ya daha çox
olduqda həmin şəxslər çoxuşaqlı ana kimi 5 il erkən pensiya hüququ
əldə edirlər. Bu hal isə sui-istifadə hallarının artmasına səbəb
ola bilər. Belə ki, qadınların 3 və ya 4 uşağı varsa, yaxın
qohumlarının və digər şəxslərin uşaqlarını (hansı ki anası və ya
atası və ya hər ikisi sağ olan) övladlığa götürərək 5 uşaq sayının
tamamlanması nəticəsində pensiya hüququ əldə edə bilərlər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.





























