Advertisement

Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir

Bakı. Trend:

Azərbaycanda zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın
qəbul edildiyi günədək müddətdə dayandırılacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif
edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, zaminlik müqaviləsi ilə təmin edilmiş
öhdəlik üzrə zamin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda,
zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi
günədək müddətdə dayandırılması təklif edilir.

Qeyd edək ki, Mülki Məcəlləyə əsasən, zaminlik müqaviləsi üzrə
zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini
tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə
götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin
edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada
bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik
müqaviləsinin etibarsızlığına səbəb olur.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda
qəbul edilib.