
Bakı. Trend:
Fransa daha bir Afrika ölkəsində mövqeyini itirib.
Trend bu
barədə Fransa KİV-ə istinadən xəbər verir.
Belə ki, Seneqalın yeni seçilmiş prezidenti Bassiru Diomaye Faye
keçmiş müstəmləkəçi ölkə ilə əlaqələrini tamamilə kəsəcəyinə söz
verib.
Bundan başqa, o Qərbi və Ekvatorial Afrikadakı keçmiş Fransa
müstəmləkələrinin frankından (CFA) imtina etmək niyyətində olduğunu
bildirib.
Qeyd edək ki, 2023-cü ildə Fransa diplomatiyası Afrikada
nüfuzunu əhəmiyyətli dərəcədə itirib.
Parisin keçmiş müttəfiqləri hərbi çevrilişlər və siyasi
sarsıntılarla üzləşdikdən sonra öz xarici siyasətlərini digər
istiqamətlərə yönəldiblər ki, bu da Fransanın diplomatik mövqeyinə
öz əksini tapıb.
Fransa diplomatiyası əhəmiyyətli dərəcədə zəifləyib və əcnəbilər
üçün Fransaya miqrasiya qaydalarını sərtləşdirən yeni qanun
vəziyyəti daha da kəskinləşdirib.
Gələcəkdə xüsusən, Fransanın regionda hərbi nüfuzunun əsas
nöqtələri olan Nigerdə və Burkina-Fasoda hakimiyyət dəyişikliyindən
sonra Fransanın Afrikada maraqlarının ciddi çağırışlarla üzləşəcəyi
gözlənilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























