
Bakı. Trend:
Martın 28-də işğaldan azad edilmiş Xocalı şəhərinin Qaladərəsi
adlanan hissəsində yerləşən su anbarının yaxınlığında həyata
keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan
qazıntı işləri zamanı basdırılmış vəziyyətdə insana məxsus olması
ehtimal edilən sümük fraqmentləri və qalıqların aşkar olunması
barədə Xocalı rayon prokurorluğuna məlumat daxil olub.
Paş /Prokurorluqdan Trend-ə bildirilib ki, daxil olmuş məlumat
əsasında Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam
olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli
Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarının iştirakı
ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük fraqmentləri
ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq
qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər
yerinə yetirilib.
Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində
ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 3 nəfər şəxsə məxsus
olması müəyyən edilib.
Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər
davam etdirilir.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya
texnologiyaları idarəsində araşdırma aparılır.
Axtarış işləri tam yekunlaşdıqdan və müavfiq ekspertiza
nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın
verilməsi təmin ediləcəkdir.





























