Bakı. Trend:
ABŞ-ın federal müstəntiqləri “Google”dan “YouTube”
platformasında müəyyən videolara baxan bütün istifadəçilər haqqında
məlumat verməsini tələb ediblər.
Trend-in məlumatına görə, bu barədə “Forbes” jurnalı mənbələrə
istinadən xəbər verib.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları Kentukki və
Nyu-Hempşir ştatlarında “YouTube” istifadəçilərinin kimliyini
öyrənməyə çalışıblar. Birinci halda, gizli agentlər bitkoinləri
qanunsuz əldə etməkdə və pulların yuyulmasında şübhəli bilinən
şəxsin kimliyini açıqlamaq istəyiblər.
Polis əməkdaşları ona “YouTube”da videoların linkləri
göndəriblər, bundan sonra hüquq-mühafizə orqanları “Google”dan
2023-cü il yanvarın 1-dən 8-dək bu videolara baxanların adlarını,
ünvanlarını, telefon nömrələrini və istifadəçi fəaliyyətini
açıqlamağı tələb ediblər.
Öz növbəsində, Nyu-Hempşirdə polis zibil qutusuna yerləşdirilən
bomba haqqında anonim məlumat alıb. “Forbes”ın məlumatına görə,
polis əraziyə baxış keçirdikdən sonra “YouTube”da canlı yayımlanan
kamera vasitəsilə onları izləmək mümkün olduğunu müəyyən edib.
Hüquq-mühafizə orqanları platformada səkkiz canlı yayımı “izləyən
və/yaxud onlarla əlaqə saxlayan” istifadəçilərin siyahısını
öyrənmək üçün “Google”a müraciət edib. Forbes, Google-un belə bir
sorğuya necə cavab verdiyini bilmir.




























