Advertisement

Rezidenturaya qəbul elan edilib – Trend.Az

Bakı. Trend:

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə
qəbulu internet vasitəsi ilə aparılır. Namizəd rezidenturaya
qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi) 1-ci cəhdində iştirak etmək üçün Mərkəzin
internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi
kabinet
” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan
məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba
məbləği əlavə etmək üçün ödəniş üsulları ilə
epayment.dim.gov.az
internet səhifəsində tanış ola
bilərsiniz.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə,
namizəd “Şəxsi
kabinet
”inin istifadəçi adı və parolundan istifadə etməklə
2024-cü il 1 apreldən 11 aprel saat 23:59-dək Mərkəzin internet
saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=3)
daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və
təsdiq edir (etdirir).

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul
imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə
keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas
fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin 2024-cü il
mayın 5-də, II cəhdinin iyunun 23-də, ixtisas fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanının isə avqustun 4-də
keçirilməsi planlaşdırılır.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər
iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1
(bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan
nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (topladığı
bal 40 və daha çox olan) namizədlər buraxılırlar.

Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat
30 dəqiqə vaxt ayrılır.

Müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanında topladığı bal 50-dən az olmayan namizədlər
buraxılırlar.

Qəbul elanının tam mətni «Rezidentura» jurnalının 2-ci sayında
dərc olunub. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə
ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test
tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda «Rezidentura»
jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron
ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib.

Jurnalı kitab köşklərindən almaq və ya
www.abiturient.az
saytından sifariş etmək olar.

QEYD:

1.Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından
“məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər
(rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanına rezidenturanı bitirdikdən və ya
rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar;

2.Əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş və
IV-V kurslarda təhsil alan tələbələr də baza fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda
iştirak etmək arzusunda olan tələbələr Mərkəz tərəfindən müəyyən
olunmuş vaxtda (bax: səh. 1) qeydiyyatdan keçməlidirlər. Baza
fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul”
alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə
biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul
olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini
tam bitirdikdən sonra buraxılacaqlar (bax: “Rezidentura” jurnalı,
2024, № 1, səh. 2).

3.Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında
iştirak edib nəticəsi “məqbul”la qiymətləndirilən xarici ölkələrdə
ali təhsil alan və əsas (baza ali) tibb təhsilinin III kursunu tam
bitirmiş və IV-V kurslarda təhsil alan tələbələr də ixtisas fənləri
üzrə biliklərin qiymətləndirilməsi imtahanına rezidenturaya qəbul
olunmaq hüququ əldə etdikdən, yəni tələb olunan sənədləri SQK-ya
(bakı şəh., Həsən Əliyev küçəsi 299) təqdim etməklə qeydiyyatdan
keçdikdən sonra buraxılacaqlar (bax: səh. 1).

4.Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından
“məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə
qalır.