
Bakı. Trend:
Martın 29-da Bakı Slavyan Universitetində (BSU) 31 Mart
Soyqırımına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər
kafedrasının müdiri Habil Məmmədov ermənilərin Azərbaycan xalqına
qarşı törətdiyi soyqırım haqqında qısa məlumat verib.
Sonra Milli Azərbaycan Tarix Muzeyinin icraçı direktoru, tarix
elmləri doktoru Fərhad Cabbarov “1905-1906 və 1918-ci illər
hadisələri: tarixi paralellər və tarixin ibrət dərsləri”,
Azərbaycan multikulturalizm və ölkəşünaslıq kafedrasının müdiri
İbrahim Quliyev “Qanlı martın pərdə arxası” , Qərbi Avropa Dilləri
fakültəsinin dekan müavini Günel Üstündağ “1918-ci il Mart
soyqırımına hüquqi-siyasi qiymətin verilməsi”, Diplomatiya və
xarici siyasət kafedrasının baş müəllimi Pərvin Sadıqlı “Beynəlxalq
hüquqda Soyqırım aktı və erməni terrorizmi” mövzusunda məruzələrlə
çıxış ediblər. Çıxışlarda soyqırımla əlaqədar tarixi faktlar
diqqətə çatdırılıb, ermənilərin azərbaycanlılara qarşı törətdikləri
cinayətlər, Ümummilli Lider Heydər Əliyevin bu soyqırımla bağlı
verdiyi Fərman haqqında məlumat verilib. Həmçinin, Quba soyqırımı
və ermənilərin törətdikləri digər soyqırım cinayətləri, eləcə də
beynəlxalq soyqırım aktından söz açılıb.





























