Advertisement

ABŞ dünyada hegemonluğu ələ almaq siyasətini davam etdirir – Deputat

Bakı. Trend:

ABŞ dünyada hegemonluğu ələ almaq siyasətini davam etdirir.
Təbii ki, dünyada ABŞ-dən başqa böyük iqtisadi və hərbi gücə malik
ölkələr var. Amma ABŞ həmin ölkələri də onların qonşularında NATO
qoşunlarını yerləşdirməklə təhdid etməyə çalışır. NATO ABŞ-nin
maraqlarını həyata keçirir və ona görə də ABŞ-nin müəyyənləşdirdiyi
ölkələrin ətrafında hərbi gücünü formalaşdırmaqda davam edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, bu gün ABŞ-nin özünə rəqib bildiyi ölkələr
Rusiya, Çin, İran, Türkiyə və bir sıra başqa ölkələrdir ki,
hal-hazırda bu ölkələrin sərhədlərində fəal iş aparmaqdadır.

“Belə ki, Rusiyanın qonşuları olan baltikyanı ölkələr, o
cümlədən Finlandiyanı da NATO-ya üzvülüyünə qəbul etdi. Yəni
Rusiyanın qonşuluğunda NATO hərbi bazası yaradıldı. Ukraynanın
NATO-ya üzvü qəbul edilməsi üçün etdiyi cəhdlər, bu ölkəni müharibə
meydançasına çevirdi.

Bu gün ABŞ Ukraynada müharibənin mümkün qədər uzanmasına
çalışır. Ona görə də Ukraynaya az-az hərbi yardımlar göndərməklə
prosesin davam etməsinə imkan yaradır. Təbii ki, müharibə davam
etdikcə Rusiyanın hərbi və iqtisadi gücü də azalmaqdadır. ABŞ-nin
Ukraynadakı əsas məqsədi də budur. NATO qoşunlarını Gürcüstanda
yerləşdirmək cəhdi də torpaqların itirilməsi ilə başa çatdı.

Tayvan problemi vasitəsilə Çinə təzyiq göstərməyə çalışır.
NATO-nun üzvü olan Türkiyəyə isə ABŞ F16 problemini yaratdı. Belə
ki, Suriya və İraq sərhədindəki havadan mühafizə sistemlərini
Türkiyədən çıxardaraq apardı. Türkiyə özünün hava sərhədlərinin
müdafiəsini təşkil etmək üçün Rusiyadan S 400 kompleksləri aldığına
görə sanksiyalara məruz qaldı. Bu da Türkiyənin iqtisadiyyatına
təsirsiz ötüşmədi.

ABŞ Ermənistanda hərbi baza yaratmaq planları ətrafında fəal iş
görməklə İran, Rusiya və Azərbaycan üçün təzyiq mənbəyi yaratmağa
çalışır. 5 apreldə Brüsseldə ABŞ Dövlət katibi Entoni Blinken,
Avropa Komissarı Ursula Fon der Lyayen və Ermənistan baş naziri
Nikol Paşinyan arasında keçiriləcək görüşdə də təhlükəsizliyə
zəmanət paktı adı altında Avropa İttifaqının misiyasının tərkibinə
ABŞ nümayəndələrini də daxil etmək istəyirlər. Təbii ki, son
məqsədləri Ermənistanda ABŞ-nin hərbi bazasını yaratmaqdır”, – deyə
deputat bildirib.

O qeyd edib ki, ABŞ bütün dünyada hərbi gücünü genişləndirmək
siyasətini aparır.

“Ona görə də növbəti planı Cənubi Qafqazda gərginlik ocağını
yaratmaqla Ermənistanla qonşu dövlətlərə təzyiq göstərməkdir. ABŞ
hərbi bazalarını yaratdığı ölkələrin qonşu ölkələrində insan
haqları, demokratiya və söz azadlığına dəstək proqramlarını
genişləndirirlər. Beləliklə həm daxildə, həm də xaricdən gərginlik
yaratmaqla təhdid edir və inkişaf edən suveren ölkələrin uğurlarını
əlindən alır. Bu baxımdan 5 apreldə Brüsseldə keçirilməsi nəzərdə
tutulan görüş Qərbin çirkin planının tərkib hissəsi olduğunu desək
yanılmarıq”, – deyə deputat əlavə edib.