
Bakı. Trend:
Ramazanda fitrə zəkatının məbləği hər bir şəxsin imkanından
asılı olaraq 3-15 AZN arası dəyişə bilər.
Bunu Trend-ə Milli
Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu bilavasitə fitrə zəkatı verilən ərzaqın
dəyərindən asılıdır.
“Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız
məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha baha
olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var.
Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzaqın dəyərində pul
da verilə bilər məsələsinə gəldikdə isə, bəzi islam alimləri fitrə
zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini
vurğulayırlar.
Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam
alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü
bildirirlər.
Hesab edirəm günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı
pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının
daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzaqı və
ya başqa ehtiyacı olan əşyanı ala bilər”, – deyə deputat
bildirib.
O qeyd edib ki, imkanı olan hər bir şəxsin fitrə zəkatını
verməsi vacibdir.
“Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir. Fitrə
zəkatının vaxtına gəldikdə Ramazanın sonuncu gününə, ən geci bayram
namazına kimi verilməlidir”, – deyə deputat əlavə edib.





























