Advertisement

Xəbər çıxandan yoldaşımla yatmamışıq ki, elimizə, obamıza qayıdırıq

Sevinc, kədər insanı elə bürüyüb ki, söz tapıb hisslərimi ifadə edə bilmirəm.

Bunu yenidən qurulan Cəbrayıla qayıdan sakin Tünzalə Bəhramava APA-ya açıqlamasında deyib.

Müsahibimiz deyir ki, ən gözəl günləri, xatirələri Cəbrayılla bağlıdır.

Biz oradan çıxanda cavan idik, əlimizdə körpə uşaqlarla çıxmışıq. Ən gözəl günlərimiz, ən gözəl xatirələrimiz orada qaldı. Cənab prezidentə təşəkkür edirik ki, bizə bu sevinci yenidən yaşatdı. Sevinc, kədər insanı elə bürüyüb ki, söz tapıb hisslərimi ifadə edə bilmirəm. Atamın qəbri orada qalıb. 30 ildir atamın qəbrini görə bilmirəm. Xəbər çıxandan yoldaşımla yatmamışıq ki, qayıdırıq elimizə, obamıza”, – Tünzalə Bəhramova deyib.

Doğma yurduna qayıdan digər sakin Nazilə Əliyeva da həm sevincli həm də qürurludur.

“Cəbrayılda çox yaxşı günlərimiz olub. İndi də sevinirik. Prezidentimiz sağ olsun bizə belə bir şərat yaradıb, öz torpaqlarımıza gedirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə kömək olsun”, – Əliyeva vurğulayıb.

Qeyd edək ki, Cəbrayıl şəhərinə bu gün ilkin olaraq 36 ailə – 117 nəfər köçürülüb.

Aytən Sakitqızı