
Bakı. Trend:
Aprel ayının 1-də 23 nömrəli tam orta məktəbdə tənəffüs zamanı
şagirdlər arasında insident yaranıb.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib,
məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə, digər müvafiq
qurumlara, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib
və məktəbə çağırılıblar.
“Baş vermiş hadisə Agentliyin nəzarətində saxlanılır.
Agentliyin, eyni zamanda Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları
da məktəbdə olublar.
Qeyd edək ki, zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilib
və evə buraxılıb. Hazırda şagirdin səhhətində hər hansı təhlükə
riski yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi
və Agentlik tərəfindən izlənilir.
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam
psixoloji mühitin bərpasını təmin etmək üçün Təlimə Dəstək
Mərkəzinin və Məktəblinin dostunun psixoloqları da təhsil
müəssisəsindədirlər. Şagirdlərlə bu istiqamətdə müvafiq intensiv iş
aparılır.
Bir daha qeyd edək ki, Agentlik, məktəb rəhbərliyi və
hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində
lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır.
Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə
veriləcək.
Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin
davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha
həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların
açıqlamalarına istinad etməyi xahiş edirik”,- deyə əlavə
edilib.





























