
Bakı. Trend:
Martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan
olunub.
DİM-dən Trend-ə verilən
xəbərə görə, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş
keçidə (https://eservices.dim.gov.az/2024/netorta/)
daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti
təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə
etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri,
qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir
ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə
qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru
cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri)
ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini
buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə
ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar,
Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727
nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması
prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker
yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə
təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən)
yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama
prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi,
işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan
əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding”
(markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və
kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin
tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi
göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl
olunub.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı
Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili
fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat
fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13
qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23
qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur.
Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal
bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması
qaydası ilə linkdəki faylda tanış ola bilərsiniz.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 52267 nəfərdən 474
nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 16
nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni
göstərib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də
Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya
Komissiyasına müraciət etmək istəyənlər 16‑18
aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək
elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə
bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər
sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.
Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi
seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın
hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron
ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul
edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi
aşağıdakı ardıcıllıqla aparılır:
- Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan
bütün işlər araşdırılır; - Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi
(yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir; - Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon
nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms”
göndərilir.
Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında
ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və
ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş
cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi
nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda
iki dairənin qaralanması və s.) bağlı müraciətlərə
baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər
DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz
nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli
tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların
şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış
ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya
üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab
verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə
şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə
baxılmayacaq.
Qeyd: 10 mart 2024-cü ildə keçirilmiş buraxılış imtahanının
nəticələrinin 15 – 19 aprel tarixləri ərzində elan olunması nəzərdə
tutulur.





























