Advertisement

DYP sürücülərə müraciət edib – Trend.Az

Bakı. Trend:

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi aprelin 4-də ölkə ərazisində
hava şəraitinin güclü küləklə müşayiət olunan kəskin dəyişməsi ilə
əlaqədar sürücülərə müraciət edib.

Bu barədə Trend-ə idarədən
məlumat verilib.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraiti ilə
əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının
alınması məqsədilə sürücülərə və nəqliyyat vasitələrinin
sahiblərinə müraciət edərək nəqliyyat vasitələrini sürüşmə, uçulma,
qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı
tövsiyə edib.

“Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və
sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin
çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün
qablaşdırılmasına xüsusi diqqət yetirməli, hərəkət sürətini hava
şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil
manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə
əməliyyatı aparmaqdan çəkinməlidirlər”, – müraciətdə deyilir.