
Bakı. Trend:
Bir neçə müddətdir ki, Azərbaycanda “car sharing – avtomobil
paylaşımı” xidmətinin ölkəmizdə yaradılacağı barədə məlumatlar
yayılır.
Artıq bir çox dünya ölkələrində məşhurlaşan “car sharing –
avtomobil paylaşımı” insanlar arasında getdikcə daha da
funksionallaşır. Belə ki, “car sharing” xüsusi olaraq avtomobildən
qısa zamanda istifadəni nəzərdə tutan insanlar üçün nəzərdə tutulub
və ödəniş avtomobilin istifadəsinə uyğun olaraq
müəyyənləşdirilir.
Müxtəlif parklanma ünvanlarında paylaşdırılan bu avtomobillərin
nəinki iş saatlarında, günün bütün saatlarında əldə etmək
mümkündür.
Şəhərlərdə böyük tıxacların qarşısını almağı və daha təmiz ətraf
aləmi hədəfləyən bu konsepsiyanın tezliklə bütün dünyada vüsət
alacağı gözlənilir.
Bəs, “car sharing”-in əhəmiyyəti nədən ibarətdir və onun
digər avtomobil kirayəçilərindən fərqi nədədir?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə
ekspert Eldəniz Cəfər bildirib ki, bu xidmətin ölkəmizdə
yaradılacağı barədə nə rəsmi qurumlar, nə də ki, şirkətlər
tərəfindən heç bir açıqlama yoxdur.
“Lakin “car sharing” dünyanın bir çox ölkəsində geniş yayılmış
xidmətdir və şəhər nəqliyyatına alternativ bir sistemdir. Bu
xidmətin müsbət və mənfi tərəfləri vardır. Əsas müsbət tərəfi
vətəndaşa alternativ hərəkət etmək imkanı yaradır. Avtomobili
icarəyə götürən şəxs mobil tətbiqdən istifadə edir. Hətta
sərxoşluğu olan şəxs belə avtomobili idarə edə bilər. Bu isə əsas
sistemin mənfi tərəfidir”, – o deyib.
Ekspert qeyd edib ki, çox güman bu tətbiqi ölkəmizdə yerli
deyil, xarici şirkət tətbiq edəcək.
“Adətən belə yenilikləri ölkəmizdə xarici şirkətlər həyata
keçirir. “Car sharing” xidməti etibarnamə tələb olunmayan ölkələrdə
həyata keçirilir. Ölkəmizdə isə başqasının avtomobilini idarə etmək
üçün etibarnaməyə ehtiyac olur. Burdan belə nəticə çıxır ki, xidmət
ölkəmizdə tətbiq olunacaqsa, etibarnamə ləğv ediləcək. Əgər ləğv
edilməyəcəksə, “Car sharing” xidməti ölkəmizdə tətbiq olunmayacaq.
Bu xidmət əsasən biznes üçün əlverişlidir. “Car sharing” xidmətini
ölkəmizdə tətbiq etmək üçün yəqin ki, qanuna dəyişiklik etməyə
ehtiyac olacaq”, – deyə o, əlavə edib.





























