Advertisement

Aktotı Raimkulova “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunu ziyarət edib (FOTO)

Bakı. Trend:

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunu ziyarət edərək Fondun icraçı
direktoru Şəfəq Mehrəliyeva ilə görüşüb.

Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, görüşdə Azərbaycanın XX əsr milli ədəbi-bədii
fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim-pedaqoq Mir
Cəlal Paşayevin 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda
yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun fəaliyyətindən
söz açılıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovaya
Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında geniş məlumat
verilib. O, ev-muzeyini gəzərək yazıçıya məxsus fotoşəkillər və
qiymətli əşyalarla tanış olub.

Görüşdə Aktotı Raimkulova Fondun çoxşaxəli fəaliyyət
istiqamətində Türk Dünyasının böyük şair və yazıçılarının irsinin
təbliği, eləcə də müasir dövrdə Türk xalqlarının ədəbi-mədəni
inteqrasiyasının daha da dərinləşdirilməsi yönündə layihələrin yer
aldığını vurğulayıb. O, həmçinin, Türk Mədəniyyəti və İrsi Fondunun
müasir dövrdə yetişən Türk xalqlarının gənc qələm sahiblərinin bir
araya gətirilməsi, eləcə də onların əsərlərinin işıqlandırılması
yönündə planlaşdırılan layihələrindən bəhs edib.

Görüş Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədibin Evi” Ədəbiyyata
Dəstək Fondu arasında birgə əməkdaşlığa, eləcə də qarşılıqlı maraq
doğuran məsələlərə dair müzakirələrlə yekunlaşıb.