
Bakı. Trend:
Ötən əsrin 70-ci illərində qlobal neft böhranı dünyanı
alternativ yollar axtarmağa sövq etdi. Bərpa olunan enerjidən –
günəş və külək enerjisindən istifadə aktuallaşdı. Yeni sənaye
inqilabı dövründə onsuz da məhdud olan ənənəvi enerji
ehtiyatlarından istifadə artmışdı. Artıq tükənmə nöqtəsinə gəlib.
Bərpa olunan enerji – qalıq yanacaq materiallarına (neft, qaz, daş
kömür) nisbətən atmosferi daha az çirkləndirir. Müasir dünyamızda
dayanıqlı inkişafın təmin edilməsi üçün yeni və daha ekoloji təmiz
enerji qaynaqlarına ehtiyac var.
Bu barədə Trend-in suallarını cavablayarkən “Yaşıl Dünya”
Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli
deyib.
“Bərpa olunan enerjidən istifadənin tarixi antik dövrə gedib
çıxır. Hələ qədim Yunanıstanda su gücü ilə işə düşən çarxlardan
istifadə olunurdu. Lakin “yaşıl enerji”dən geniş istifadə 19-cu
yüzilin sonlarından başlandı. Su və külək elektrik stansiyaları
yaradıldı. “Yaşıl enerji”dən istifadə ötən əsrin 80-ci illərindən
sonra daha da yayıldı. “Yaşıl enerji”yə keçidin əsas məqsədi havaya
daha az istixana qazları atılmasına nail olmaq, gələcək nəslə daha
təmiz bir dünya buraxmaqdır.
Azərbaycan “yaşıl enerji”yə keçidlə bağlı təşəbbüskar
ölkələrdəndir. Ölkəmizdə bu istiqamətdə axtarışlar, “yaşıl enerji”
potensialının araşdırılması 2004-cü ildən intensivləşib. 2020-ci
ildə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb.
Hazırda Azərbaycanın enerji istehsalında bərpa olunan enerjinin
payı 5 faizdir. Ölkəmizdə energetika sahəsində bərpa olunan enerji
mənbələrindən istifadənin genişləndirilməsi dövlət başçısı
tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb. Belə ki, 2030-cu
ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin
payının 30%-ə çatdırılması hədəf kimi müəyyənləşdirilib.
Ölkəmizdə bərpaolunan enerji potensialı – quruda külək və günəş
enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin bizə aid
hissəsində külək enerjisi 157 qiqavat təşkil edir. 2021-ci ilin
fevralında qəbul edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi
inkişafın Milli Prioritetləri” proqramı Azərbaycanın bərpa olunan
enerji istehsalı siyasətinin əsasını qoyub. Bu proqramda 5 milli
prioritetindən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım”
ölkəsinı çevrilməsidir”, – deyə o vurğulayıb.
E.Cəfərli əlavə edib ki, Azərbaycan bu günə qədər “yaşıl enerji”
sektorunda böyük təcrübəsi olan ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı
və BƏƏ kimi dövlətlərin nəhəng şirkətləri ilə əməkdaşlıq
müqavilələri imzalayıb.
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası – COP29 bu il Azərbaycanda
keçiriləcək. Azərbaycan qlobal iqlim dəyişikliyinin nəticələrinin
yumşaldılması ilə bağlı beynəlxalq təşəbbüsləri dəstəkləyir.
Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə “yaşıl
enerji”yə keçidlə bağlı fəal iş aparır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin,
Naxçıvanın “yaşıl enerji zonası” elan edilib və bu istiqamətdə
ciddi addımlar atılır. Qarabağ və Şərqiz Zəngəzur bölgələrində
böyük qayıdış layihəsi çərvicəsində görülən şəhərsalma və digər
işlər ekoloji layihələrə əsaslanır. Yenidən qurulan və bərpa olunan
bölgələrdə, həmçinin, Bakıda yeni yaşıl nəqliyyat zolaqları
yaradılır.
Ölkəmiz neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq,
bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir,
yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına
çevriləcək. Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər
ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə
verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq.
Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə
hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək”,-
deyə o bildirib.



























