
Bakı. Trend:
Ələt-Astara magistral yolunun Lənkəran rayonundan keçən
hissəsində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə
sıxılı vəziyyətdə qalıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Cənub Regional
Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, “Ford” markalı yük avtomobili idarəetməni itirərək
irəlidə hərəkət edən “Belarus” markalı nəqliyyat vasitəsinə
çırpılaraq yol kənarına aşıb və yük avtomobilindəki sərnişin
deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə
qalıb.
Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan Lənkəran
rayonu, Göyşaban kənd sakini Abbasov Samir Yusif oğlunu xilas
edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.





























