Advertisement

Asiya İnkisaf Bankı ilə “yaşıl enerji” tərəfdaşlığının inkişafı müzakirə edilib

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov ilə Asiya İnkisaf Bankının
(AIB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin baş direktoru
Yevgeni Jukovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş
olub.

Trend xəbər verir ki, görüşdə enerji sahəsində uzunmüddətli
qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq
ifadə edilib, bərpa olunan enerjidən geniş istifadəni və enerji
səmərəliliyinə nail olunmasını hədəfləyən yeni mərhələdə
tərəfdaşlıq imkanları müzakirə edilib.

Azərbaycanın “yaşıl enerji zona”larının və “yaşıl enerji
dəhliz”lərinin yaradılması ilə bağlı təşəbbüs və layihələri,
elektrik enerjisinin istehsalında bərpa olunan enerjinin payının
artırılması məqsədilə 2027-ci ilədək 9 stansiyanın istismara
verilməsi planları, şəbəkənin gücləndirilməsi, dənizdə külək
enerjisindən istifadə, eləcə də, enerji səmərəlilyi üzrə “Enerji
Səmərəliliyi Fondu”nunun yaradılmasının nümunəsində həyata
keçirdiyi tədbirlər barədə məlumat verilib.

Sadalanan istiqamətlər, o cümlədən “yaşıl hidrogen”, Naxçıvanda
damüstü günəş panellərinin quraşdırılması, həmçinin istilik
təchizatının karbonsuzlaşdırılması və bu sahədə islahatlara dəstək
üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. “Üzən günəş
panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və
texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində AİB ilə
Böyükşor gölündə həyata keçirilən 100 kVt-a qədər gücə malik
fotovoltaik sistemin COP29 tədbiri ərəfəsində istismara
verilməsinin vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin COP29 çərçivəsində fəaliyyətə, AİB-in karbon
bazarının inkişafına və iqlim dəyişikliyinə uyğunlaşma prosesinə
dəstək təklifləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Bu
istiqamətdə müvafiq addımların atılması məqsədilə tədbirlərin
keçirilməsi razılaşdırılıb.