
Bakı. Trend:
Dünən Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi və Monteneqronun Xarici
İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri
keçirilib.
XİN-dən Trend-ə bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan
nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Montenegro
nümayəndə heyətinə isə Monteneqronun Xarici İşlər Nazirlıyinin
Konsulluq məsələləri üzrə Baş Direktoratlığının direktoru
vəzifəsini icra edən xanım İvana Dokanoviç rəhbərlik edib.
Görüşdə, həmçinin, Azərbaycan Respublikasının Serbiya
Respublikasındakı, eyni zamanda, Monteneqro və Şimali
Makedoniyadakı səfiri Kamil Xasiyev iştirak edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan Respublikası ilə
Monteneqro arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti
və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli
sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.
Görüş zamanı nümayəndə heyətləri iki ölkə vətəndaşlarının
qarşılıqlı səfərlərinin sadələşdirilməsi istiqamətində əməkdaşlığın
davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Məsləhətləşmələr çərçivəsində iki ölkənin daxili işlər,
miqrasiya, əmək və sosial müdafiə sahələri üzrə səlahiyyətli dövlət
orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi təklifləri üzrə
fikir mübadiləsi aparılıb.
Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti
mərhələsinin 2025-ci ildə Bakı şəhərində keçirilməsinə dair razılıq
əldə olunub.





























