
Bakı. Trend:
Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der
Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng
edib.
Trend xəbər verir ki, telefon danışığı əsnasında tərəflər
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf
perspektivlərini müzakirə ediblər, bu xüsusda, bərpaolunan enerji,
nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq
sahələri qeyd olunub.
Söhbət zamanı 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı
arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair
Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim
fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli
imkanlar yaratdığı bildirilib.
Avropa Komissiyasının Prezidenti Avropa İttifaqının humanitar
minatəmizləmə fəaliyyətində Azərbaycana dəstək göstərməyə hazır
olduğunu vurğulayıb.
Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli
görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi
Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı
Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin
vacibliyini bildirib.




























