
Bakı. Trend:
Aprelin 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonu
ərazisində 1992-ci il təvəllüdlü Aygül Quliyevanın öldürülməsi
barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə,
araşdırmalarla 1979-cu il təvəllüdlü Rəşad Quliyevin Binəqədi
rayonu, Cavadxan küçəsi ərazisində yerləşən evlərdən birində şəxsi
münasibətlər zəminində bıçaqla xəsarət yetirərək arvadı Aygül
Quliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. R.Quliyev
prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.

























