Advertisement

Norveç hərbi xərcləri artırmağı planlaşdırır

Bakı. Trend:

Norveç xarici təhdidlərin artması şəraitində ölkənin müdafiə
qabiliyyətini gücləndirmək məqsədilə yaxın 12 ildə hərbi xərcləri
600 milyard Norveç kronu (56 milyard dollar) artırmağı
planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Skandinaviya ölkəsi hökumətinin
açıqlamasında deyilir.

Norveç səlahiyyətlilərinin məlumatına görə, onlar 2036-cı ilə
qədər müdafiəyə, ümumilikdə, 1,62 trilyon kron (151 milyard
dollardan çox) xərcləmək niyyətindədirlər. “Bu plan müdafiə
sahəsində xərclərin tarixi artımını və Silahlı Qüvvələrin bütün
növlərinin əhəmiyyətli dərəcədə gücləndirilməsini nəzərdə tutur”, –
deyə Norveç hökumətinin başçısı Yonas Gar Störe bildirib.

Bundan əvvəl Baş nazir İkinci Dünya müharibəsindən bəri müdafiə
xərclərinin ən genişmiqyaslı artırılması proqramını parlamentin
müzakirəsinə təqdim etmək niyyətində olduğunu deyib. Onun sözlərinə
görə, Oslo bu addımı “Vilnüsdə (NATO-nun iyul sammitində – red.)
razılaşdırılmış regional planlara uyğun olaraq” atır.