
Bakı. Trend:
Azərbaycanda tütün məmulatlarının istehsalının və idxalının
həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq
edilir.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin
Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında mazakirə
edilən “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikdə öz
əksini tapıb.
Qanun layihəsində qeyd olunur ki, bu məqsədlə tütün
məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin
aparılması həyata keçiriləcək.
Bu mexanizm cəmiyyətin maraqlarının, o cümlədən əhalinin
sağlamlığının təmin olunmasına və sui-istifadə hallarının
qarşısının alınmasına yönəlib. Belə ki, ölkə ərazisində istehsal
olunan bir sıra tütün məmulatlarının sanitar-gigiyena normalarına
uyğun gəlməməsi və bazarda mənşəyi məlum olmayan, aşağı keyfiyyətli
malların satışı əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə
çevrilməsi ilə yanaşı vergidən yayınma hallarının da geniş vüsət
almasına səbəb olur.
Qeyd etmək lazımdır ki, icazə sisteminin tətbiqi bu sahədə
fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin
maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli
məhsullardan qorunmasına, əhalinin sağlamlığının müdafiəsinin təmin
edilməsinə, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən
yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının
alınmasına, mövcud sahədə rəqabətə dözümlü investisiya mühitinin
formalaşmasına, istehsal olunmuş məhsulların ixrac potensialının
artırılmasına və yerli xammaldan istifadə perspektivlərinin
yaranmasına xidmət edəcəkdir.
Tütün məmulatlarının istehsalı spesifik avadanlıq əsasında
həyata keçirildiyindən və bu avadanlıqlara əsaslanan istehsal
xəttinin qurulması böyük investisiya qoyuluşu tələb edir. Qeyd
olunan avadanlıqlar əsasında 1 istehsal xəttinin quraşdırılması
üçün 10 milyon ABŞ dolları məbləğində vəsait tələb olunur.
Müəssisənin normal fəaliyyəti üçün bu avadanlıqlardan ibarət 2
istehsal xəttinin olması vacibdir. Göstərilən məbləğ yalnız
texnoloji avadanlıqların qiymətini özündə əhatə etməklə yanaşı
müəssisənin formalaşdırılması ilə əlaqədar digər xərcləri əhatə
etmir.
Qeyd edilənləri nəzərə alaraq, siqaret istehsalı sahəsində
fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına
alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum
investisiya məbləğinin müəyyən edilməsinə zərurət vardır. Bu cür
tənzimləmənin müəyyən edilməsi yerli tütün məmulatı
istehsalçılarının beynəlxalq bazarda rəqabət qabiliyyətinin
artmasına, ölkəyə qlobal çağırışlara cavab verəcək investisiyaların
cəlbinə, rəqabətədavamlı istehsal prosesinin formalaşdırılmasına
rəvac verməklə investisiya qoyuluşunun və əmək məhsuldarlığının
artırılmasına səbəb olacaqdır.
Tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə
vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standart
nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə
sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaq
avadanlıqlarının “Texniki tənzimləmə haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq uyğunluğun
qiymətləndirilməsinə dair sənədlərin olması tələbi istehsalda
istifadə olunan avadanlıq və qurğuların beynəlxalq standartlara
uyğun olmasını və beynəlxalq standartların tələblərinə uyğun məhsul
istehsalına təminat verən şəraitin formalaşdırılması məqsədi
daşıyır.
Tütün məmulatlarının istehsalı prosesinin hər bir mərhələsində
məhsulun tərkibi müəyyənləşdirilməli və insan sağlamlığı üçün
zərərli maddələrin normalarına riayət edilməsi istiqamətində
laborator sınaqlar keçirilməlidir. Məhsulu laborator sınaqdan
keçirmiş istehsalçılar hər bir istehsal mərhələsində məhsulu
keyfiyyət göstəriciləri üzrə sınaqdan keçirərək qüsurları vaxtında
aşkar edir. Qeyd edilən səbəbdən keyfiyyət və təhlükəsizlik
sınaqlarının aparılması üçün istehsalçının müvafiq sahədə
akkreditasiya olunmuş sınaq laboratoriyasının olması, belə
laboratoriya olmadığı təqdirdə bu cür sınaqları aparacaq
laboratoriya ilə bağlanmış müqavilənin olması əsas şərtlərdən biri
kimi müəyyən edilib.





























