Advertisement

Baş prokuror Neftçalada vətəndaşları qəbul edib

Bakı. Trend:

Aprelin 6-da Baş prokuror Kamran Əliyev Neftçala rayon
prokurorluğunun inzibati binasında Neftçala, Hacıqabul, Salyan
rayon, Şirvan şəhər və digər bölgələrdən olan vətəndaşları qəbul
edib.

Trend xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış
abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 29 nəfər vətəndaşın müraciətində konkret
cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə
məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları,
məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi,
habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd
olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra
orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran
Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların
müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə
görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə
çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir
informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən
“Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə
yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və
səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.