
Bakı. Trend:
1992-ci il fevral ayında Ermənistan silahlı qüvvələri tərəfindən
törədilmiş Xocalı soyqırımı zamanı itkin düşmüş, yaxın günlərdə
şəxsiyyəti müəyyənləşmiş iki nəfər – Bəsirə Məhərrəmova və Vaqif
Məhərrəmov bu gün dəfn ediliblər.
Trend xəbər verir ki,bu barədə Ermənistan tərəfindən insanlıq
əleyhinə törədilmiş cinayətlərlə bağlı növbəti faktların ortaya
çıxmasına dair Ombudsmanın açıqlamasında deyilir.
Bildirilib ki, ayrı-seçkiliyin, etnik təmizləmənin qurbanı olmuş
bir ailənin üzvlərinin qalıqları 32 il sonra Xocalı rayonu
ərazisində aşkarlanmış məzarlıqdan tapılıb:
“Bu fakt Ermənistanın törətdiyi müharibə cinayətlərini, habelə
beynəlxalq humanitar hüquq normalarını pozduğunu növbəti dəfə sübut
edir.
Bir daha xatırladırıq ki, beynəlxalq hüququn normalarını
kobudcasına pozan Ermənistan tərəfi 30 ilə yaxın müddət ərzində
4000-ə yaxın azərbaycanlı itkinin ailəsini məlumat almaq hüququndan
məhrum edib, eyni zamanda, bugünədək kütləvi dəfn yerləri barədə
məlumatları Azərbaycana təqdim etməkdən yayınıb”.
Xəbər yenilənəcək





























