Advertisement

Ermənistan geri dönüşü olmayan tunelə salınıb – Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan tarixi Zəfərdən sonra Ermənistana beynəlxalq hüququn
5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsinin
imzalanmasını təklif etdi. Həmin vaxtdan xeyli müddət keçsə də,
Ermənistan hələ də himayədarlarının dəstəyi sayəsində bu addımı
atmaqda tərəddüdlərini davam etdirməkdədir. Bunun səbəbi işğalçı
Ermənistan və ona dəstək verən bəzi aparıcı Qərb dövlətləri üçün
“sirr” olsa da, Azərbaycan daim dünya güclərinin ikili standartlara
əsaslanan siyasəti ilə üz-üzə qalan dövlət kimi bu addımların
arxasında hansı maraqların dayandığını çox yaxşı bilir.
Ermənistanın yenə də bəzi dünya güclərinin əlində oyuncağa, onların
maraqlarının icraçısına çevrildiyini aydın şəkildə görmək üçün
təkcə son zamanlar cərəyan edən proseslərə diqqət yetirmək
kifayətdir. 30 il davam edən işğal dövründə də Ermənistan eyni
missiyanı yerinə yetirdi. Nəticədə 44 günlük İkinci Qarabağ
müharibəsi baş verdi.

Azərbaycan dövləti bir qayda olaraq artıq tarixin arxivinə
atılmış Qarabağ münaqişəsinin həllindən bəhs edərkən bu mühüm
məqamı xüsusi qeyd edirdi ki, problemin beynəlxalq miqyas alması
nizamlanma prosesinə mane olur. Hər bir dövlətin məsələnin həllinə
öz maraqları baxımından yanaşması, maraqların üst-üstə düşməməsi
münaqişənin həlli prosesinin uzanmasını şərtləndirdi. Tərəflərin
özlərinə qalsaydı, münaqişə çoxdan öz ədalətli həllini tapardı.
Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə bir daha dünya
güclərinin regionda vəziyyətin gərginləşməsində, sülhün və
təhlükəsizliyin təmin edilməməsində maraqlı olduqları açıq-aydın
görünür. Bir daha bu reallıq öz təsdiqini tapır ki, dünya gücləri
ikili stantartlara əsaslanan siyasətlərindən yaxa qurtara
bilmirlər. Aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan
müştərək konfransının keçirilməsi bütün qaranlıq məqamlara işıq
saldı. Görünən odur ki, Qərb Ermənistanı nəzarəti altına alaraq
özünün oyun meydanına çevirməkdədir. 5 aprel görüşü ilə Ermənistan
geri dönüşü olmayan tunelə salınıb və Qərbdən asılı vəziyyətə
düşüb.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar
Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan tərəfinin haqlı
iradlarına, konfransı təxirə salmaq tələblərinə baxmayaraq görüş
keçirildi. Görüşdən əvvəl ABŞ Dövlət katibi Antoni Blinken və
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident
İlham Əliyev ilə telefon danışıqlarında görüşün əsas mahiyyətini
Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyi adı
altında ört-basdır etməyə çalışdılar. Azərbaycan dövlətinin başçısı
bu məqamı xüsusi qeyd etdi ki, üçtərəfli görüşə hazırlıq prosesində
Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi,
Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun
yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və
ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər
də müzakirə olunub. Prezident İlham Əliyev, həmçinin
anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən
Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin
regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib
çıxaracağını vurğuladı.

Qeyd etdiyimiz kimi, nəticələrdən bir daha aydın oldu ki, görüş
regionda sülhün, təhlükəsizliyin təmin edilməsinə deyil,
münaqişənin yenidən alovlandırılmasına hesablanıb. İqtisadi yardım
adı altında hazırlanan ssenarilərin əsas mahiyyəti aydın şəkildə
bəlli oldu. Ursula Fon der Lyayen Brüsseldə bəyan etdi ki, Avropa
İttifaqı Ermənistana 4 il müddətində 270 milyon avro məbləğində
yeni yardımlar edəcək. Bu dəstəyin məqsədi Ermənistanın “iqtisadi
inkişafına” köməkdir. Lakin hansı formada ifadə edilməsindən asılı
olmayaraq inkardeliməz həqiqətdir ki, bu dəstək anti-Azərbaycan
mahiyyəti daşıyır. Görüşün mahiyyətinin iqtisadi yardım ilə
əlaqələndirilməsi çoxsaylı sualların yaranmasına səbəb olmaya
bilməz. İqtisadi yardım üçün Brüsseldə bir araya gəlməyə ehtiyac
var idimi? Bir daha aydın olur ki, Ermənistanın “iqtisadi
inkişafı”nın müzakirə olunacağı vəd edilsə də, bir neçə yüz
milyonluq yardım üçün belə formatda görüşə ehtiyac yox idi. Bu,
pərdəarxası hərbi yardımın ayrılması və hərbi paktdır.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, hazırkı dövrün
əsas məsələsi sülh müqaviləsinin imzalanması olduğu halda, dünya
güclərinin Ermənistana iqtisadi yardım adı altında yarışa
girişmələri diqqətdən kənarda qalmır. Avropa İttifaqı ilə yanaşı,
ABŞ da Ermənistana 65 milyon dollar məbləğində yardım ayıracaq.
ABŞ-ın Azərbaycan ərazilərinin işğalda saxlanıldığı dövrdə mütəmadi
olaraq demokratiyaya dəstək adı altında işğalçı dövlətə maliyyə
yardımı etməsi məlum olaylardandır. Artıq bu gün bu yardımların
mahiyyətində “dəyişiklik” baş verib. Məqsəd guya Ermənistanın
iqtisadi inkişafının dayanıqlılığını təmin etməkdir. Dünya
güclərinin ikili standartlara əsaslanan siyasətlərinin bariz
nümunəsi olan bu addımın arxasında çirkin niyyətlərin dayandığı
aydındır.

Vüqar Rəhimzadə bildirib ki, Brüssel görüşündən əvvəl ABŞ və
Avropa İttifaqı rəsmilərinin dövlət başçısı İlham Əliyevə telefon
zəngləri, müştərək konfrans zamanı Ermənistanın Azərbaycanın ərazi
bütövlüyünü tanıdığını bəyan etməsi ölkəmizin sözünün imzası qədər
dəyərli olduğunu təsdiqlədi. Bir daha sübut olundu ki, tarixi
Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa
edərək yeni reallıqlar yaradan qalib Azərbaycan diktə edən
tərəfdir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında daim bu
çağırış xüsusi yer tutur ki, heç bir qüvvə Azərbaycanla diktat dili
ili danışa bilməz. Ermənistan üçün təhlükəsizlik modeli
Azərbaycanın təklif etdiyi sülh modeli idi. Bu təhlükəsizliyin
Qərbdə axtarılması Ermənistan üçün böyük problemlər yaradacaq. Bu
gedişlə Ermənistanı Ukrayna, Suriya, Livanın aqibəti gözləyir.
Ermənistan müxtəlif zonalara parçalanacaq. Bu vəziyyətdə Türkiyə
riskləri nəzərə almalı və təhlükəsizlik zonası yaratmaq haqqında
düşünməlidir.

YAP Xətai rayon təşkilatının sədri həm də diqqəti “sapı
özümüzdən olan baltalar”ın erməni sevgisinə yönəldib. Bildirib ki,
5 aprel görüşündən dərhal sonra daxili bədxahlarımız hərəkətə
keçərək ABŞ və Avropa İttifaqının regiondakı oyunlarına bəraət
qazandırmağa çalışırlar. Belə ki, sabiq səfir Arif Şahmarlı iddia
edir ki, Brüsseldən verilən mesajlar Azərbaycana yox, Rusiyaya
qarşı ünvanlanıb. Sevinc Osmanqızı, Qənimət Zahid və digər
xəyanətkar ünsürlər də Azərbaycanın Brüssel görüşü ilə bağlı
mövqeyinə utanmadan erməni prizmasından baxırlar. Bu anti-milli
ünsürlər tərəfindən birbaşa Ermənistana dəstək üçün təşkil olunan
görüş bəh-bəhlə təriflənir. Onlar bu kimi addımları ilə xarici
anti-Azərbaycan qüvvələrin əlində oyuncaq olduqlarını, əvvəlcədən
yazılmış ssenarilər əsasında hərəkət etdiklərini sübut edirlər. Öz
şəxsi ambisiyalarına görə dövlətinə, xalqına xəyanət yolunu
tutanlar ən böyük cəzaya layiqdirlər.