
Bakı. Trend:
Ötən il 27 uyğunluq auditində büdcə qanunvericiliyinin pozulması
hallarına rast gəlinib.
Trend xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası
Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”da
qeyd olunub.
Hesabata əsasən, bu sahə üzrə daha çox rast gəlinən nöqsanlar
kimi “Büdcə sistemi haqqında”, həmçinin, “Dövlət qulluğu haqqında”
Azərbaycan Respublikası Qanunlarının, Əmək Məcəlləsinin
tələblərinin pozulmasını, xərc normativlərinə və prosedurlara əməl
olunmamasını göstərmək olar.
Uyğunluq auditlərinin nəticələri 23 auditdə büdcə vəsaitlərinin
idarəedilməsi üzrə nöqsanların aşkar edildiyini göstərir.
Nöqsanların əhəmiyyətli hissəsi qurumlar tərəfindən proqnozlaşdırma
və planlaşdırma işinə lazımi diqqətin ayrılmadığını göstərib.
Belə ki, dövlət vəsaitinə tələbat düzgün müəyyənləşdirilməyib,
nəticədə vəsaitə tələbat il ərzində dəfələrlə dəyişdirilib, vəsait
təyinatı üzrə istifadə edilməyib, büdcə vəsaiti bank hesablarında
istifadəsiz qalıb, ilin sonunda vəsaitlər akkreditiv hesablara
yönəldilib.
Bunlarla yanaşı, büdcədənkənar fəaliyyət üzrə gəlir
potensialından tam istifadə olunmayıb, yığım və digər daxilolmalar
dövlət büdcəsinin gəlirlərinə aid edilməyib, smetada nəzərdə
tutulmadığı halda digər maddələr hesabına xərc maliyyələşdirilib,
VBT-nin tələblərinə əməl olunmamış qalıq vəsaitlər dövlət büdcəsinə
ümumiyyətlə və ya vaxtında qaytarılmayıb.



























