
Bakı. Trend:
Şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun zabiti leytenant
Bağırov Ülvi Hənifə oğlu doğulub boya-başa çatdığı Salyan rayonunda
dəfn olunub.
Trend xəbər verir ki, Ülvinin yaşadığı evdə keçirilən vida
mərasimindən sonra şəhidin nəşi rayondakı Şəhidlər xiyabanına
gətirilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri ilə bərabər, Müdafiə
Nazirliyinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə
orqanlarının rəsmiləri, veteran və qazilər, şəhidin döyüş
yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak
ediblər.
Çıxış edənlər Azərbaycan Ordusunun parlaq Qələbəsindən və
qəhrəman oğulların Vətən uğrunda canını fəda edərək tarix
yazmaqlarından danışıblar. Bildirilib ki, şəhidlərimiz öz
vətənpərvərliyi ilə həm də gələcək nəsillərə örnək olaraq qəlblərdə
əbədi yaşayacaqlar.
Daha sonra şəhidimiz yaylım atəşi altında torpağa
tapşırılıb.
Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ
iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı
ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi
Hənifə oğlu 7 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb
müəssisəsində vəfat edib.





























