Bakı. Trend:
Ölkəyə slikon qablarda gətirilən narkotik vasitələrin
dövriyyəsinin qarşısı alınıb.
Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyindən bildirilib.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ölkə
ərazisinə İrandan qeyri-ənənəvi üsullarla göndərilən narkotik
vasitələrin dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti
əməliyyat keçirib. Tədbirlərlə Cəlilabad rayon sakini 1984-cü il
təvəllüdlü Mübariz Ağayev paytaxt ərazisində saxlanılıb. Ondan
təmir işlərində istifadə olunan qara rəngli slikon qablarda
yerləşdirilən 6 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə
zənginləşdirilən marixuana aşkar edilib. M.Ağayev həmin narkotik
vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Sadıx”
adlı şəxsin tapşırığı ilə karqo şirkətlərindən birindən slikon
qabların içərisində yerləşdirilmiş formada əldə etdiyini
bildirib.
Saxlanılan şəxs narkotikləri pul qarşılığında paytaxt ərazisində
müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə
məlumat verməli imiş. Slikon qablarda aşkarlanan narkotiklər ölkəyə
gətirilərkən onların yükləri skan edən rentgen aparatında
oxunmaması üçün qablaşdırma zamanı xüsusi kimyəvi materiallardan
istifadə olunub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat
tədbirləri davam etdirilir.




























