Advertisement

İçərişəhərdə Mak’TAB məzunlarının təltifetmə mərasimi keçirilib

Bakı. Trend:

Dünən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi (DTMQİ)
tərəfindənkeçirilən təltifetmə mərasimində Mak’TAB(Tarixi
Abidələrin Bərpası Məktəbi) məzunlarına diplomları təqdim
olunub.

Trend xəbər verir ki, təltifetmə mərasiminə
qatılan qonaqlar arasında Milli Məclisin üzvləri, Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidməti, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə
Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyəti, AMEA Arxeologiya, Etnoqrafiya
və Antropologiya İnstitutu rəhbər şəxsləri, eləcə də, Mak’TAB
layihəsinin tərəfdaşları, , eləcə də digər dövlət və özəl
qurumların, beynəlxalq təşkilatların nümayəndələri, universitet
rektorları, mədəniyyət və ictimai xadimləri olublar.

Tədbirdə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin
Seyidzadə, ADA Universitetinin rektoru Hafiz Paşayev, Milli
Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa,
Beynəlxalq Muzeylər Şurasının üzvü (BMŞ – ICOM) Erix Pummer,
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Memarlar
İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək layihənin önəmindən
bəhs ediblər və Mak’TAB məzunlarına mədəni irsimizin qorunması ilə
bağlı gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qonaqlara layihənin hesabat xarakterli videoçarxı nümayiş
olunub. Təltifolunma mərasimində həmçinin, Türk Dövlətləri
Birliyinin Baş katibi Kubamçıbek Ömürəliyevin və UNESCO yanında
Abidələr və Tarixi yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS)
vitse-prezidenti Riin Alatalonun tədbir iştirakçılarına video
müraciətləri nümayiş olunub.

Qeyd edək ki, icrasına 2022-ci ildən başlanılan Mak’TAB
layihəsinin əsas məqsədi tarixi-memarlıq abidələrinin bərpası
sahəsində dövlət və özəl qurumlarda fəaliyyət göstərən bərpaçıları
bir araya gətirərək, onları beynəlxalq təcrübə ilə tanış etmək,
dünyanın qabaqcıl bərpaçılarının tətbiq etdiyi müasir metodları
aşılamaq, və bu istiqamətdə əlavə bilik və bacarıqlara
yiyələnmələrinə dəstək verməkdir.

Ümumilikdə təşkil olunan 10 tədris modulunda Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi, Şuşa Şəhər Dövlət Qoruq İdarəsi,
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Mədəniyyət Nazirliyinin
Qobustan Milli Tarix – Bədii Qoruğu və Muzey Sərvətləri və Xatirə
Əşyalarının Elmi Bərpa Mərkəzi, Bakı Abadlıq Xidmətindən, həmçinin
digər qurumlardan 28 nümayəndə alman alimi, elmlər doktoru Corc
Gilbertə, BMŞ-nin üzvü və “Atelier Erich Pummer” şirkətinin
rəhbəriErix Pummer tərəfindənkeçirilən nəzəri və praktiki
məşğələlərdə iştirak ediblər.

Məlumat üçün bildirək ki, Mak’TAB layihəsi “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan
Memarlıq və İnşaat Universiteti, Avstriyanın “Atelier Erich Pummer”
şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir.