Advertisement

27 Sentyabr – Xatirələrdə yaşayan Anım Günü

Payızın  səssizliyi  şəhərin  üzərinə çökəndə, 27 sentyabr səhəri də eyni sükutla açıldı. O gün sanki bütün Azərbaycan eyni nəfəs aldı,  eyni xatirəni  xatırladı.  Mən keçmişi düşündüm – o günləri ki, torpaqlarımız işğal altında idi, vətənin yarası açıq qalmışdı. İnsanlar qisas, ədalət arzusunda yaşayırdı. Gecələr dua edilirdi ki, bir gün bu zülm bitsin, şəhidlərin ruhu rahatlıq tapsın.

Biz o günləri yaşadıq. Ermənilərin illərlə davam edən işğalı, onların törətdiyi təxribatlar, hər gün eşitdiyimiz acı xəbərlər – bunların hamısı tariximizin ağır səhifələri  idi. Amma xalqımız heç vaxt barışmadı.

Və o gün gəldi!  2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi hər birimizi   səfərbər etdi.  Mən hələ də xatırlayıram – hər səhər xəbərlərə  baxırdıq, hər  zəfər xəbərində gözlərimiz dolurdu. Əsgərlərimiz, zabitlərimiz döyüşürdü,  biz isə onlara dualarımızla dayaq olurduq. “Öldü var, döndü yoxdur” şüarı hər evdə səslənirdi. Gənclər könüllü yazılırdı, analar oğullarına “vətən sağ olsun” deyirdi. Qırx dörd gün davam edən bu mübarizə tariximizin ən şanlı səhifəsinə çevrildi.

İndi mən bu günlərdə – Anım Günündə – şəhidlərimizi yad edirəm.  Onlar indi də bizim qəlbimizdə yaşayır. Onların qəhrəmanlığı  dastana çevrilib. Bu günlərdə ölkəmizin hər yerində başlar ehtiramla əyilir, dualar oxunur.  Prezidentimizin dediyi kimi, “biz onların qanını yerdə qoymadıq, qisaslarını döyüş meydanında aldıq.”

Bu gün mən həm  də gələcəyə baxıram.  Biz artıq o torpaqlara qayıtmışıq, amma daha böyük işlərimiz var.  Kəndlər yenidən qurulur, yollar çəkilir, evlər tikilir. Mən inanıram ki, sabah o yerlərdə uşaqlar güləcək, məktəblər dolacaq, səslənən mahnılar dağlarda əks-səda verəcək.  Şəhidlərimizin ruhu rahatlıq tapacaq, çünki onların fədakarlığı ilə torpaq yenidən canlanacaq.

Bu gün – 27 sentyabr – yalnız hüzn günü deyil.  Bu gün həm də qürur günüdür. Biz həm ağlayırıq, həm də fəxr edirik.    Ağlayırıq, çünki qəhrəmanlarımızı  itirdik. Fəxr edirik, çünki onların sayəsində qalib millətik. Mən bilirəm ki,  gələcək  nəsillər də bu tarixi oxuyacaq, bu qəhrəmanlığı  unutmadan yaşayacaq.

Bəli, biz keçmişi xatırlayırıq, bu günü yaşayırıq və gələcəyi qururuq.  Hər il 27 sentyabrda eyni  duyğunu yaşayacağıq – həm kədəri, həm də qüruru.  Bu gün bizi birləşdirən gündür.  Bu gün bütün Azərbaycan bir ürək  kimi  döyünür.

 

 

  Fərəh Hüseynova

Suraxanı rayonu, 141 nömrəli  tam orta məktəbin direktoru