Advertisement

Samux sahibkarları ilə görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb

Bakı. Trend:

Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə sayca 4-cü, ölkə üzrə
isə 49-cu KOB dostu bugündən Samux və ətraf bölgələrdən olan
sahibkarların xidmətindədir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı ilə Samux rayonunda sahibkarlarla görüş keçirilib.
Tədbirdə Samux və ətraf bölgələrdən olan 200-ə yaxın sahibkar,
eləcə də bölgədə biznes subyektlərinə xidmət göstərən dövlət
qurumlarının nümayəndələri iştirak ediblər.

Həmçinin, tədbir çərçivəsində Samux rayonu üzrə KOB dostu
rayonun biznes ictimaiyyətinə təqdim edilib. Bu ölkə üzrə sayca
49-cu KOB dostu ofisidir. Samux KOB dostu ofisi Gəncə-Daşkəsən
iqtisadi rayonu üzrə Gəncə, Daşkəsən və Göygöldən sonra sayca 4-cü
ofisdir.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev
rayonda sahibkarlıq fəaliyyəti və investisiya qoyuluşu üçün
imkanlar, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə
Agentliyin dəstək və xidmətləri, KOB dostu mexanizmi barədə
fikirlərini bölüşüblər.

Görüş çərçivəsində sahibkarların çətinliklərinə və ehtiyaclarına
dair fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar
cavablandırılıb, KOBİA-nın sahibkarlara göstərdiyi dəstək barədə
filmlər nümayiş olunub.

Sonra tədbir iştirakçıları Samux rayon Heydər Əliyev Mərkəzində
yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin
göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar.