
Bakı. Trend:
9 aprel 2024-cü il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin
rəhbərliyi və kollektivi tərəfindən əlamətdar gün münasibəti ilə
Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi
ehtiramla yad edildi. Bununla yanaşı, qurumun kollektivi Şəhidlər
Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş həmvətənlərimizin məzarlarını ziyarət
etdilər.
Həmin gün, Azərbaycan Respublikası Prezidentinin 11 aprel
2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə ölkə vətəndaşlarının
mənzil-məişət şəraitini yaxşılaşdırmaq, güzəştlə mənzil əldə
etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq,
müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi
tələblərinə cavab verən çoxmənzilli yaşayış binalarının tikilməsini
təmin etmək məqsədilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin
fəaliyyətə başlamasının 8-ci ildönümü ilə əlaqədar qurumun inzibati
binasında tədbir keçirildi.
8 illik fəaliyyətin nəticələrinə və qarşıda duran vəzifələrə
həsr olunan iclası giriş sözü ilə Mənzil İnşaatı Dövlət
Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov açdı. O, qurumun
yaradılmasının 8-ci ildönümü, həmçinin 10 aprel — İnşaatçılar Günü
və Ramazan bayramı münasibətilə həmkarlarını təbrik edərək ötən
dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə
ətraflı məlumat verdi.
Cənab Sadıqov bildirdi ki, Azərbaycan Respublikası
vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması,
əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim ölkə başçısının
diqqət mərkəzindədir. Ölkədə aztəminatlı ailələrin güzəştli
şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə cənab Prezident
tərəfindən ayrılan xüsusi diqqətin daha bir göstəricisi 2016-cı il
11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mənzil
İnşaatı Dövlət Agentliyinin yaradılması oldu.
Agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan
Respublikası Prezidentinin dəyərli tövsiyə və göstərişlərinə
əsaslanaraq təşkil etmişdir. Sadiq Sadıqov qeyd etdi ki, ölkə
başçısının insanların yaşayış sahələrinə olan ehtiyacının
ödənilməsi və rahat yaşayışının təmin olunması məsələsinin həllinin
prioritet kimi müəyyən edilməsi, həmçinin Azərbaycan
Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə
göstərdiyi dəstək qarşıya qoyulan vəzifələrin uğurla
reallaşdırılmasına öz töhfəsini verir.
Əhalinin güzəştli şərtlərlə
mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə 8 illik
fəaliyyəti dövründə Agentlik Bakıda və regionlarda ümumilikdə
11 güzəştli mənzil layihəsinin icrasını həyata
keçirib. Həmin layihələrdən 6-nın inşası tamamlanmış, 5 layihə isə
hazırda reallaşdırılır. İcrası tamamlanmış layihələr — Yasamal
Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi,
Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci
mərhələsi, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində inşa edilmiş
güzəştli mənzillər və Gəncə Yaşayış Kompleksidir.
Həmin layihələrdə 11 000-dən çox mənzil, 5 məktəb, 8
uşaq bağçası və 1 müasir tipli poliklinika
tikilmişdir.
Bu layihələrdə tikilmiş mənzillər (11 087 mənzil
) həm “Elektron hökumət” portalı üzərindən “Güzəştli
mənzil” sistemi vasitəsilə satışa çıxarılmış, həmçinin dövlət
sifarişi əsasında ayrılmışdır. Beləliklə, 8 il ərzində Agentliyin
layihələrindən ümumilikdə 9444 ailə güzəştli
mənzil əldə etmişdir.
Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər
tam təmirli olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su,
qaz və elektrik sayğacları ilə təmin edilir. Mənzillərin satışı həm
güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti
hesabına ödəniş üsulu ilə həyata keçirilir. Mənzillərin satışı
prosesində güzəştli ipoteka kreditlərinin verilməsi “MİDA” MMC ilə
əməkdaşlıq müqaviləsini bağlamış agent banklar vasitəsilə həyata
keçirilir. Hazırda güzəştli ipoteka kreditlərinin verilməsi
məqsədilə 12 agent bank ilə əməkdaşlıq edilir.
Çoxmənzilli binaların layihələndirilməsi və tikintisi Azərbaycan
Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) və
qanunvericiliyinin tələblərinə uyğun, həmçinin bu sahədə aparıcı
beynəlxalq təcrübə nəzərə alınmaqla reallaşdırılır.
Yaşayış komplekslərinin ərazisində çoxmənzilli binalarla yanaşı,
insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin
yaradılması məqsədilə geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq
meydançalarının, sosial infrastruktur (məktəb, uşaq bağçası və s.)
obyektlərinin layihələndirilməsi və tikintisi həyata keçirilir.
Eyni zamanda müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat
infrastrukturu yaradılır, ictimai nəqliyyat sisteminə inteqrasiyası
təşkil edilir, piyadaların və nəqliyyat vasitələrinin rahat,
maneəsiz və təhlükəsiz hərəkəti təmin olunur. Sakinlərin
avtomobillərinin saxlanması üçün parklanma yerləri də ayrılır.
Fiziki imkanları məhdud insanların rahat hərəkətini təmin etmək
üçün zəruri infrastruktur yaradılmasına və sakinlərin sağlam həyat
tərzini təmin etmək üçün velosiped yollarının salınmasına xüsusi
diqqət yetirilir.
Hazırda icrası davam
etdirilən layihələr isə — Lənkəran Yaşayış Kompleksi, Sumqayıt
Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış
Kompleksi və Yevlax Yaşayış Kompleksidir.
Bu layihələrdə ümumilikdə 3692 mənzilin, 2 məktəb və 3
uşaq bağçasının tikilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ölkənin
digər regionlarında da güzəştli mənzillərin tikintisi məqsədilə
müvafiq torpaq sahələrinin müəyyənləşdirilməsi və əhalinin mənzil
ehtiyacının öyrənilməsi istiqamətində araşdırma işləri mütəmadi
olaraq aparılır və nəticələrinə uyğun olaraq torpaq sahələri
seçilərək tikinti işləri həyata keçirilir.
Sadiq Sadiqov qeyd etdi ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu gün işğaldan azad
edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə həyata
keçirilir. Qarabağ tamamilə yenidən qurulur, ən müasir
infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik
stansiyaları tikilir, ağıllı kəndlər, qəsəbələr salınır. Sözsüz ki,
Qarabağda aparılan tikinti-quruculuq işləri Azərbaycan dövlətinin
gücünün və potensialının göstəricisidir.
Qarabağa “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin
doğma yurdlarında daimi məskunlaşması üçün ölkə başçısının
tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş Füzuli və
Cəbrayıl rayonlarında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən
yaşayış kompleksləri inşa olunur.
Ümumi sahəsi 8,9 hektar təşkil edən Füzuli Yaşayış Kompleksi 38
yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 846 mənzil
var. Artıq Füzuli Yaşayış Kompleksində 666 ailə, 2517 nəfərin daimi
məskunlaşması təmin edilib.
Cəbrayıl şəhərində tikilən Cəbrayıl Yaşayış Kompleksinin inşası
da sürətlə davam etdirilir. Ümumi sahəsi 7,87 hektar təşkil edir.
Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda
ümumilikdə 712 mənzil olacaq. Yaşayış kompleksinin inşasının bu
ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su,
qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə
vətəndaşlara təhvil verilir. Yaşayış binaları ilə yanaşı ərazidə
sosial-məişət obyektləri, istirahət guşələri, yeraltı və yerüstü
avtodayanacaqlar, uşaq oyun və idman meydançaları da istifadəyə
verilir.
Paralel olaraq hazırda Agentlik tərəfindən Xocalıda 3.34 hektar
ərazidə 180 mənzildən ibarət 3 mərtəbəli 15 ədəd yaşayış binasının
əsaslı təmiri və yenidən qurulması, həmçinin ərazinin
abadlaşdırılması işi həyata keçirilir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən dəhşətli
zəlzələdən sonra Azərbaycan hökuməti zəlzələnin baş verdiyi
Kahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçün
yeni məhəllə tikintisinə dəstək verib. Türkiyə Hökumətinin dəstəyi
ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb. Bu layihədə
sakinlərin rahatlığının təmin edilməsi məqsədilə yaşayış
binalarından əlavə ibtidai məktəbin, uşaq bağçasının və mədəniyyət
mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. Hazırda 20 sinif
otağından ibarət 1 ibtidai məktəbin, 3 sinif otağından ibarət 1uşaq
bağçasının və 16 yaşayış binasının tikinti işləri davam etdirilir.
Digər tikinti obyektlərin inşasına qısa zaman ərzində
başlanılacaqdır.
Agentliyin fəaliyyəti ilə bağlı önəmli hadisələrdən biri də
mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların
müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılmasını və
mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək şəffaf
elektron sistemin yaradılması olub. Bu məqsədlə “Elektron hökumət”
portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın
30-dan müraciətlərin qeydiyyatına başlanılıb. Ötən müddət ərzində
36 000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək,
həmin şəxslər üçün fərdi elektron kabinetlərin yaradılması təmin
olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat
tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin
seçimində bərabər hüquqa malikdirlər. Eyni zamanda, 1, 3, 5 saylı
Bakı, 1 saylı Sumqayıt və 1 saylı Gəncə regional “ASAN” xidmət
mərkəzləri vasitəsilə vətəndaşların məlumatlandırılması davam
etdiriliməkdədir.
Faəliyyətimizə dair mühüm məsələlərdən biri də odur ki, Agentlik
tərəfindən inşa olunmuş çoxmənzilli yaşayış binalarının idarə
edilməsi prosesinin operativ şəkildə həyata keçirilməsi, həmçinin
vətəndaşların rahatlığının və vaxta qənaət baxımından
məmnuniyyətinin təmin olunması məqsədilə Agentliyin tabeliyində
“MİDA” MMC üçün daşınmaz əmlakın idarəetmə sistemi (o cümlədən
“billinq” sistemi) yaradılmış və həmin sistemin Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş
Portalına (HÖP) inteqrasiyası başa çatdırılmışdır. 2023-cü ilin
aprel ayından istifadəyə verilmiş sistem vasitəsilə 8 mindən çox
sakin üçün poçt məntəqələri, ödəniş terminalları, bank filialları,
bankların mobil tətbiqləri, MİDA Kommunal veb-səhifəsi kimi ödəniş
kanalları vasitəsilə rahat ödəniş imkanı yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il
tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair
Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun
olaraq MİDA fəaliyyəti dövründə dövlət-özəl tərəfdaşlığı
layihələrini də həyata keçirmişdir. Ümumilikdə 8 il ərzində
dövlət-özəl tərəfdaşlığı çərçivəsində MİDA-nın reallaşdırdığı
layihələrə çoxmənzilli yaşayış binalarının tikintisi, telefon,
televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq
xidmətlərin göstərilməsi üzrə 83 milyon manatdan çox özəl
investisiya cəlb edilmişdir.
Fəaliyyəti dövründə Agentlik tərəfindən müxtəlif sosial və
ekoloji aksiyalar da təşkil edilmişdir. Bu tədbirlər çərçivəsində
dövlətin sosial siyasətinə dəstək məqsədilə xeyriyyə fondlarına
ianələr edilmiş, şəhid ailələri, müharibə veteranları, aztəminatlı
ailələrə yardımlar paylanılmışdır. Bununla yanaşı müxtəlif
vaxtlarda keçirilən ağacəkmə aksiyaları zamanı Agentliyin və onun
tabeliyində olan “MİDA” MMC-nin əməkdaşları tərəfindən 8 000-dən
çox ağac əkilmişdir.
Tədbirdə hesabat məruzələri ilə çıxış edən Agentliyin digər
vəzifəli şəxsləri də 8 il ərzində müvafiq sahələrdə görülmüş işlər,
qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdilər.
Sonda, əmək fəaliyyətində fərqlənən bir qrup əməkdaş
“Fəxri Fərman” la təltif
olundu.





























