Advertisement

Aİ-nin Ermənistandakı missiyasının müddəti uzadıla bilər

Bakı. Trend:

Aİ missiyasının Ermənistanda qalma müddəti uzadıla bilər.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.

“Aİ-nin müşahidə missiyası çox vacibdir” deyən baş nazir
missiyanın guya Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı “obyektiv”
məlumat verdiyini vurğulayıb.

Qeyd edək ki, Ermənistan parlamenti Azərbaycanla sərhəddə Aİ-nin
mülki müşahidə missiyasının statusu haqqında Aİ ilə sazişi
ratifikasiya edib. Müqavilə Aİ-nin Ermənistandakı missiyasının
fəaliyyətini tənzimləyir, həmçinin, bu ölkədəki missiyanın
funksiyalarını aydınlaşdırır. Nümayəndəliyin üzvləri saxlanıla və
ya həbs oluna bilməzlər və işçilər ev sahibi ölkədə cinayətlə bağlı
təqib oluna bilməzlər. Aİ müşahidəçilərinin obyektləri də
toxunulmazdır.

Bundan əlavə, avropalı müşahidəçilər gömrük prosedurları, viza
və miqrasiya tələblərindən azaddırlar. Onlar ölkə daxilində sərbəst
və məhdudiyyətsiz hərəkət hüququ əldə edirlər.

Aİ-nin Ermənistandakı monitorinq missiyası 23 yanvar 2023-cü
ildə fəaliyyətə başlayıb. İşçilərin sayı ilkin olaraq 100 nəfər
idi. Üstəlik, həmin il dekabrın 11-də onların sayının 209 nəfərə
çatdırılması qərara alınıb.