Advertisement

Dünya kubokunundakı nəticəm kiçik uğur deyil – Dadaş Dadaşbəyli (MÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycan millisinin ağırlıqqaldıranı Dadaş Dadaşbəylinin (109
kq) İdman.biz saytına müsahibə verib.

Trend İdman.biz
istinadən müsahibəni təqdim edir:

– Tailandın Phuket şəhərində keçirilən Dünya kubokunu 3
gümüş medalla başa vurdun. Çıxışınızı necə şərh
edərdiz?

– Sevincimin həddi-hüdudu yoxdur. Karyeramda ilk dəfə Dünya
kubokunda 3 gümüş medal qazandım. Bu nəticəni əldə etmək üçün
əlimdən gələni etdim. Ağır əməliyyat və ard-arda yarışlardan sonra
bu turnirdə iştirak etmək çox çətin oldu. Öhdəsindən də bacardığım
qədər gəldim.

– Yarışda əsas rəqiblərinizdən kimi
fərqləndirərdiz?

– Əsas rəqibim Olimpiaya, dünya və Asiya çempionu Əkbər Curayev
idi. Əsas mübarizəm də özbəkistanlıya qarşı idi.

– Kuboku və qızıl medalı qazanmağa nə mane
oldu?

– Curayevdən fərqli, mən Paris-2024 Yay Olimpiya Oyunlarına
lisenziya üçün bu il bütün yarışlara qatılmışam. Zədəm də var. Amma
bugünkü nəticəm kiçik uğur deyil.

– Onda çıxışını qənaətbəşx hesab edirsən?

– Birdən qaldırma hərəkətində normal çıxış etdim, 181 kq
qaldırdım. Qolumun hərəkəti nəticəsində bunu saymadılar.
Saysaydılar, göstəricim daha yaxşı olacaqdı. Əslində, qeydə ala
bilərdilər, cuzi bir yanlışlıq var idi. Təkanla qaldırmada 211
kq-ın öhdəsindən gəldim. Bundan çoxunu zədəyə görə qaldırmaq
istəmədim. Ağrılarım vardı.

– Bu yarışda ağır çəkidə çıxış edəcəyini bildirmişdin. Amma
köhnə çəkini dəyişmədin…

– Bəli, ağır çəkidə iştirak edəcəyimi demişdim. Sadəcə,
zədələrimə görə məşq edə bilmədim, tam olaraq yarışa adaptasiya
oluna bilmədiyim. Bunun üçün yenə məcburiyyət qarşısında öz çəkimdə
mübarizə apardım. Düşünürəm ki, +109 kq-da da çıxış etsəydim bu
nəticəni əldə edə bilərdim.