
Bakı. Trend:
Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bəlkə də o istək bu
sahədə olmağıma kömək oldu.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban
Qurbanov PFL-in yutub kanalına müsahibəsində deyib.
Bu gün 52 yaşını qeyd edən mütəxəssis karyerasından danışıb.
Çalışdırıcı futbolçu kimi “Fakel”dəki unudulmaz xatirələri yada
salıb: “Voronejdə ilk qollarımı vurduğum zaman azarkeşlərin
sevgisini qazanmışdım. Şəhərə çıxanda hamı tanıyırdı. Hamı çox xoş
münasibət göstərirdi. Voronej futbol şəhəridir. Rusiyanın ən aktiv
şəhərlərindən biridir. Ora getdiyim vaxtdan çox uğurlu oyunlarım
oldu və belə də davam etdi. Valeri Qeorqiyeviç Nenenko baş məşçi
idi. Yaxşı da işbirliyimiz alındı. İkinci dövrəni orda oynadım və
Rusiya Premyer Liqasına vəsiqə qazandıq. Valeri Şmarovla daha çox
bir yerdə olurduq. Bir otaqda qalırdıq. Baş məşqçi maraqlı insan
idi. Onun bütün futbolçular ilə münasibəti çox yaxşı idi. Həm
tələbkar, həm də zarafatcıl idi. Mənə əlavə simpatiyası var idi.
İstər-istəməz Qafqazadan gəlmişdim. Xarakterim fərqli idi. O da
işgüzar insanlara dəyər verirdi”.
Qurbanov Voronejdə ilk oyununu çox yaxşı xatırlayır. O bildirib
ki, bu klub onun məşqçilik karyerasında da böyük rol oynayıb: “İlk
oyunumdan öncə zədələnmişdim. Qeorqiyeviç soruşdu ki, oyuna çıxa
bilərsən? Mən də “hazıram” dedim. Matça çıxdım, 4:3 həmin oyunu
udduq. Bizə bərabərlik də bəs edirdi. Hətta penaltini vura
bilmədim. Amma digər oyunçumuz onu qola çevirdi. 3-cü, 4-cü qolu
mən vurdum. Həmin oyun bizim Yüksək Liqaya çıxmağımıza çox böyük
səbəb oldu. Rusiyada ilk ilim daha yaddaqalan oldu. Həmin ildən
sonra Rusiyada abu-havanı yaxşı hiss etdim. Hər bir futbolçu
qarşısına məqsəd qoyur. O vaxt bizdə məqsəd legioner həyatı yaşamaq
idi. Mənə də “Fakel”də oynamaq qismət oldu. Rusiya Premyer
Liqasında çıxış etməyi bacardıq. Legioner həyatımda Voronej ən
yaddaqalan şəhər oldu. Hətta mən Voronejdə olanda son illər
məşqçilik haqqında düşündüm. Orda bəzi məşqləri yazmağa başladım.
Bu istək məşqçi olmağıma kömək oldu”.
Qeyd edək ki, Qurban Qurbanov futbolçu karyerasını bitirdikdən
sonra 2005-cı ildə “İnter”də idman direktoru kimi fəaliyyətə
başlayıb. Mütəxəssis 2006-07-ci illərdə “Neftçi”nin baş məşqçisi
olub. Qurbanovun ən böyük tarixi uğurları isə 2008-ci ilin yayından
rəhbərlik etdiyi “Qarabağ”la bağlıdır. Ağdam klubu onun rəhbərliyi
altında 10 dəfə Azərbaycan çempionu adını, 5 dəfə ölkə kubokunu
qazanıb.





























