Advertisement

“Freedom House”u siyasi dairələrin əlində alət olmamağa çağırırıq – QAİ

Bakı. Trend:

Qərbi Azərbaycan İcması “Freedom House” təşkilatının qərəzli
bəyanatına dair açıqlama yayıb.

Trend xəbər verir ki, açıqlamada deyilir:

“ABŞ-də fəaliyyət göstərən və özünü demokratiya və insan
hüquqlarının keşikçisi kimi qələmə verən “Freedom House” təşkilatı
illik hesabat dərc etmişdir. “Xalqlar keçiddə 2024” adlı hesabat
hazırda beynəlxalq aləmdə cərəyan edən geosiyasi qarşıdurmaya
ideoloji rəng verməyə çalışır.

Hesabatın müəllifləri açıq-aşkar qızışdırıdıcı yanaşma tutaraq,
diplomatiya və qarşılıqlı anlaşmaya qarşı çıxır və ayırıcı xətləri
dərinləşdirərək dövlətləri bu və ya digər düşərgəyə aid edirlər.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini
və müstəqil siyasət yürütməsini həzm edə bilməyən hesabatın
sifarişçiləri, 2023-cü il sentyabr ayında həyata keçirilmiş
anti-terror tədbirlərinin guya insan hüquqlarını pozduğunu iddia
edir və ölkəmizi hansısa geosiyasi qrupa aid etməyə cəhd
edirlər.

Ümumilikdə zərərli və yanlış olan hesabatda Azərbaycanın xüsusi
hədəfə alınması “Freedom House”da kök salmış, vitse-prezident Anni
Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlərinin
fəaliyyətinin nəticəsidir. “Freedom House”un erməni əməkdaşları
insan hüquqları kimi ali dəyəri müdafiə etmək əvəzinə milli
təəssübkeşlikdən çıxış edərək Azərbaycan qara yaxırlar”.

Qərbi Azərbaycan İcması “Freedom House”un irqçi düşüncəli
dairələrin təsirinə düşərək öz mötəbərliyini itirməsindən
təəssüflənir, təşkilatı siyasi dairələrin əlində alət olmamağa,
Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək
verməyə çağırır”.