Advertisement

Balakəndə narkokuryerlik edən şəxs saxlanılıb

Bakı. Trend:

Lənkəran sakini Balakəndə 10 kiloqram narkotiklə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata
görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata
keçirdikləri tədbirlərlə qeyri-leqal yollarla ölkə ərazisində
göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin
qarşısı alınıb.

Tədbirlər nəticəsində Lənkəran şəhər sakini İslam Məmmədov
saxlanılıb.

Ondan 10 kiloqram marixuana və 150 ədəd metadon həbi
aşkarlanıb.

Saxlanılan şəxs İran vətəndaşı tərəfindən maddi gəlir
qarşılığında narkokuryerliyə cəlb olunduğunu bildirib. İ.Məmmədovun
əvvəllər də dəfələrlə narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum
olunduğu müəyyən edilib.

Məhkəmənin qərarı ilə İ.Məmmədov barəsində həbs qətimkan tədbiri
seçilib.

Son 1 ay ərzində isə polis əməkdaşlarının keçirdikləri
tədbirlərlə rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə
məşğul olan 10 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.