
İranın İsrailə hücumu qəfil başladığı kimi, 5 saat
davam edəndən sonra elə həmin spontanlıqla da başa
çatdı.
Tərəflərin hər biri uğuru məhz onun əldə etdiyini bəyan edir.
İran rəhbərliyinin bəyanatlarına görə, İsrailə endirilmiş PUA və
raket zərbələri nəticəsində “qarşıya qoyulmuş məqsədlərin hamısına
çatılıb”.
İsrail isə İranın hücumda 210 “Shahed-238” zərbə PUA-sından və
36 ballistik raketdən istifadə etdiyini, onların 99 faizinin səmada
zərərsizləşdirildiyini vurğulayır.
İranın raketlərindən və PUA-larından qorunmaq üçün İsrail 5
saatda 1,3 milyard dollar xərclədiyini bəyan edir.
İranın “Dürüst vəd” adlandırdığı bu əməliyyatın ən önəmli
məqamlarından biri də prosesdəki koalisiyalar idi.
Qərb ölkələrinin tam əksəriyyəti, habelə İordaniya və Misir
İsrailin müdafiə hüqununu tanıyaraq, onu dəstəklədilərsə, Yaxın
Şərq bölgəsində Suriya, Yəmən rəsmən, Suriya, Livan və İraqdakı
proksi qruplaşmalarsa birbaşa şəkildə İranın mövqelərini
paylaşdıqlarını bəyan etdilər.
Təl-Əvivlə Tehran onillərdən bəri davam edən qarşıdurmalarını
yeni müstəviyə çıxararaq, Yaxın Şərqdəki spontan gərginliyin
səviyyəsini artırmaqla yanaşı, “Pandora qutusu”nu açdılar.
Rusiyanın Ukraynada hərbi əməliyyatlar apardığını, Moskvanın
faktiki olaraq bütün Qərb ölkələri, xüsusilə də NATO və ABŞ ilə
üzləşməsi Şərqi Avropadan Mərkəzi Asiyaya, Baltik dənizindən Fars
körfəzinədək olan nəhəng arealda dövlətlərin düşərgələnməsinə
dəlalət edir.
Çin və Tayvan arasındakı qarşıdurma, Şimali və Cənubi
Koreyaların müharibə astanasında olmaları, Afrikanın ən müxtəlif
bölgələrində hərbi əməliyyatların intensivləşməsi də qlobal
geosiyasətdə hərarətin ifrat dərəcədə artdığını göstərir.
Azərbaycan isə bütün bu proseslərin fonunda təhlükəsizlik,
stabillik və rifah adası təsiri bağışlayır. Rəsmi Bakının indiki
mövqeyinin təməlində mövcud çağırışlarla risklərə effektiv cavab
verən rasional, düşünülmüş və praqmatik xarici siyasət, ölkə
vətəndaşlarının maraqlarının təminatına yönəlmiş daxili isyasət
durur.
Prezident İlham Əliyevin milli inkişaf modelinin təmkinlə
reallaşdırılması, nəzərdə tutulan nəticələrin əldə edilməsi,
siyasi, hüquqi və sosial-iqtisadi islahatların davamlı olaraq
həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin
nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər
nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil
edir.
İnkişafla sabitliyin əsasında duran əsas amilsə hakimiyyətin
həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab
verməsidir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat
şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında,
inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri
etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki,
beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm
sürən etibarlı sabitlik mühiti öz əksini tapır və yüksək
qiymətləndirilir.
Bunlara paralel olaraq ölkəmizin milli təhlükəsizliyi yüksək
səviyyədə təmin edilib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və
digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması prinsipial
strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam
etməsinə münbit şərait yaradıb.
Qlobal geosiyasi arenadakı vəziyyətin mövcud durumuna və mümkün
perspektivlərinə təsir edən qarşıdurmalar, hərbi əməliyyatlar,
iqtisadi böhranlar isə kataklizmləri daha da dərinləşdirir ki,
nəticədə, dövlətlər arasında inteqrasiya və əməkdaşlıq zəifləyir,
siyasi münasibətlərdə müəyyən qədər etimadsızlıq mühitini
gücləndirir, ziddiyyətləri artırır.
Qlobal miqyasda hökm sürən belə bir mürəkkəb şəraitdə Azərbaycan
ictimai-siyasi sabitliyin təmin olunduğu, pozitiv beynəlxalq imicə
sahib olan ölkələr sırasında avanqard yerlərdən birini tutur.
Qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis
zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik
dəyərlərin tapdalanması – bütün bunlar dünyanın, demək olar ki,
bütün yerlərində müşahidə olunurdu. Avropada, Asiyada, Latın
Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə,
dünyada gərginlik artır.
Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda
sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının
iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq
tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən
yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda,
ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir.
Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir,
ölkələr böyük zərər görürlər. Biz bunu 1990-cı illərin əvvəllərində
öz tariximizdə görmüşük. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə
böhran içində idi, bizim böyük itkilərimiz olmuşdu. Amma artıq
Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz
çox böyük inkişaf yolu keçib. Ölkəmiz əsrə bərabər inkişaf yolu
keçdi və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr
sırasındadır.
İkinci Qarabağ Müharibəsi, daha sonra isə lokal antiterror
tədbirləri nəticəsində sərhəd toxunulmazlığını, suverenliyini və
ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanda hakimiyyətlə xalqın
sinergiyası səbatlı inkişafla dayanıqlı təhlükəsizliyi təmin
edib.
Ölkə ərazisində erməni separatizminə son qoyulması, Qarabağ
probleminin birdəfəlik həlli, təbii ki, təhlükəsizliyi daha da
möhkəmənləndirdi, xalqla dövlətə qarşı yönəlmiş bir çox təhdidlərin
qarşısını aldı.
Hazırda, Üçüncü Dünya Müharibəsinin faktiki olaraq başladığı
dövrdə ölkəmizdən şimalda və cənubda hərbi əməliyyatlar gedir,
zərbə PUA-ları, ballistik raketlər və qırıcı təyyarələr uçuşurlar.
Ukraynadakı hərbi əməliyyatlarla paralel olaraq İran-İsrail
qarşıdurması əvvəlki geosiyasi konstruksiyaların darmadağın
olduğunu, yeni mexanizmlərin formalaşdıran proseslərin isə
təhlükəli və ağrılı olduğunu göstərir. Böyük güclər dünyanı yenidən
bölməyə çalışır, ayırıcı və məhdudlaşdıcı xətlərlə maraqlarının
təminatına can atırlar.
Cənubi Qafqaz bölgəsi də hədəfdəki məkanlardan biridir. Avropa
İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyası (EUMA) adı
altında Fransa və ABŞ-nin Ermənistanda böyük hərbi kontingent
yerləşdirməyə çalışması, Brüsseldə keçirilmiş ABŞ-Avropa
İttifaqı-Ermənistan müzakirələri regionda yeni qüvvələr nisbətinin
formalaşdırılması cəhdidir.
Azərbaycan, Türkiyə və Rusiya belə cəhdin çox təhlükəli
olduğuna, bölgə dövlətləri arasında qarşıdurma yaratmaq niyyətinə
xidmət etdiyini vurğuladılar, lakin İranın süst və zahirən sükutlu
mövqeyi, təbii ki, suallar doğurmaya bilmir.
İndi vulkan kraterini xatırladan Avrasiyada sülhlə stabiliyin
bərqərar olmasında maraqlıdır və Cənubi Qafqazın hansısa
dövlətlərlə təşkilatların geosiyasi sınaqlar poliqonuna
çevrilməsinə qətiyyətlə etiraz edir.
Çünki Azərbaycan bölgəmizdə inkişafın, stabilliyin və sülhün
təminatçısı, tarıma çəkilmiş geosiyasi xətləri sakitləşdirən amil
kimi çıxış edir.





























