Advertisement

BQXK həbsdə olan erməni separatçılara baş çəkdi

Bakı. Trend:

Aprel ayında Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşları
Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli
şəxslərə yenidən baş cəkiblər.

Bunu Trend-in sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan
nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə
Hüseynova deyib.

Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib
və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Qeyd olunub ki, mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr
zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini
qiymətləndirir. BQXK, həmçinin, şəxslərin ailələri ilə əlaqələrini
bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın
prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və
tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə
edilir.

Qeyd edək ki, ötən il Azərbaycanın hüquq-mühafizə orqanları
Qarabağda separatçı rejimə rəhbərlik etmiş Arkadi Qukasyan, Bako
Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David
Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar
Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben
Vardanyanı həbs edərək Bakıya gətirib.