Advertisement

Dövlət qulluğuna qəbul üçün aprelin 14-də keçirilən imtahanın nəticəsi elan olunub

Bakı. Trend:

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 2024-cü il aprelin
14-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə
dövlət qulluğuna qəbul imtahanı keçirib.

DİM-dən Trend-ə verilən
xəbərə görə, Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar
vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında
yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı,
mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş
nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2764 namizəddən
46 nəfər imtahana gəlməyib.

İmtahan nəticələrinə əsasən, BA2 altqrupu üzrə 10 nəfər, BA3
altqrupu üzrə 28 nəfər, BA4 altqrupu üzrə 50 nəfər, BB1 altqrupu
üzrə 43 nəfər, BB2 altqrupu üzrə 82 nəfər, BB3 altqrupu üzrə 167
nəfər, BB4 altqrupu üzrə 302 nəfər olmaqla, ümumilikdə 682 namizəd
tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara
daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək.
Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə
etmək üçün 2024-cü il aprelin 16-dan 29-dək DİM-in portalında
müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi
məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı
sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

· ali təhsil haqqında sənədin surəti;

· əmək kitabçasının surəti (olduğu halda).

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik
olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin
altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun
olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan
edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd
qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının
ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin
tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə
bilməz.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət
etmək istəyənlər 16 aprel saat 10:00-dan 18 aprel saat 17:00-dək
DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla
qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan
keçməyənlər sonradan apellyasiya üçün müraciət edə
bilməyəcəklər.

Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir
namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə
aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə
qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə
prosesi dayandırılır.