Advertisement

Siqaretin qiyməti bahalaşacaq? – Komitə sədrindən yeni qanunla bağlı AÇIQLAMA

Bakı. Trend:

Mən bir vətəndaş kimi siqaret və alkoqollu içkilərin qiymətinin
artmasının tərəfdarıyam. Çünki bu məhsulların istifadəsi bilavasitə
insanların səhhəti üçün zərərlidir.

Bunu Trend-ə Milli
Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Tütün və
tütün məmulatı haqqında” qanuna dəyişikliyi şərh edərkən deyib.

O qeyd edib ki, qanuna edilən dəyişiklikdə ölkədə istehsal
edilən siqaretin keyfiyyətinin yüksəldilməsi birinci şərtdir.

“Bir vətəndaş kimi mən bunu müdafiə edirəm. Tütün məmulatları
qiymətli məhsuldur. Ölkədə ildən-ilə tütün əkilən sahələrin
artırılması təsadüfi deyil. Bu məhsul ölkəyə xeyli miqdarda valyuta
gətirə bilər. Ona görə də ölkədə tütün istehsalına diqqət
yetirilir. Qanuna dəyişikliklərlə tütün məmulatlarının istehsalı və
idxalı ilə bağlı yeni tələblər müəyyən edilir”, – deyə o qeyd
edib.

Qeyd edək ki, qanuna dəyişikliyə əsasən, Azərbaycanda tütün
məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi
fəaliyyətinə görə icazə sistemi tətbiq edilir.

Qanun layihəsində qeyd olunur ki, bu məqsədlə tütün
məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin
aparılması həyata keçiriləcək.

Bu mexanizm cəmiyyətin maraqlarının, o cümlədən, əhalinin
sağlamlığının təmin olunmasına və sui-istifadə hallarının
qarşısının alınmasına yönəlib. Belə ki, ölkə ərazisində istehsal
olunan bir sıra tütün məmulatlarının sanitar-gigiyena normalarına
uyğun gəlməməsi və bazarda mənşəyi məlum olmayan, aşağı keyfiyyətli
malların satışı əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə
çevrilməsi ilə yanaşı, vergidən yayınma hallarının da geniş vüsət
almasına səbəb olur.

Qeyd etmək lazımdır ki, icazə sisteminin tətbiqi bu sahədə
fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin
maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli
məhsullardan qorunmasına, əhalinin sağlamlığının müdafiəsinin təmin
edilməsinə, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən
yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının
alınmasına, mövcud sahədə rəqabətə dözümlü investisiya mühitinin
formalaşmasına, istehsal olunmuş məhsulların ixrac potensialının
artırılmasına və yerli xammaldan istifadə perspektivlərinin
yaranmasına xidmət edəcək.

Tütün məmulatlarının istehsalı spesifik avadanlıq əsasında
həyata keçirildiyindən, bu avadanlıqlara əsaslanan istehsal
xəttinin qurulması böyük investisiya qoyuluşu tələb edir. Qeyd
olunan avadanlıqlar əsasında 1 istehsal xəttinin quraşdırılması
üçün 10 milyon ABŞ dolları məbləğində vəsait tələb olunur.
Müəssisənin normal fəaliyyəti üçün bu avadanlıqlardan ibarət 2
istehsal xəttinin olması vacibdir. Göstərilən məbləğ yalnız
texnoloji avadanlıqların qiymətini özündə əhatə etməklə yanaşı
müəssisənin formalaşdırılması ilə əlaqədar digər xərcləri əhatə
etmir.

Qeyd edilənləri nəzərə alaraq, siqaret istehsalı sahəsində
fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına
alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum
investisiya məbləğinin müəyyən edilməsinə zərurət vardır. Bu cür
tənzimləmənin müəyyən edilməsi yerli tütün məmulatı
istehsalçılarının beynəlxalq bazarda rəqabət qabiliyyətinin
artmasına, ölkəyə qlobal çağırışlara cavab verəcək investisiyaların
cəlbinə, rəqabətədavamlı istehsal prosesinin formalaşdırılmasına
rəvac verməklə investisiya qoyuluşunun və əmək məhsuldarlığının
artırılmasına səbəb olacaq.