Advertisement

TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı

Bakı. Trend:

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC və Asiya
İnkişaf Bankı (AİB) arasında beynəlxalq ticarət əməliyyatlarının
maliyyələşdirilməsini həyata keçirmək məqsədilə saziş
imzalanıb.

Yeni saziş çərçivəsində AİB “Ticarət və Təchizat Zəncirinin
Maliyyələşdirilməsi Proqramı”na (TSCFP) TuranBank ASC-ni daxil
edərək ticarət maliyyələşdirilməsi üzrə zəmanət limiti təsdiqləyib.
Qeyd edək ki, bu saziş ölkədə idxal-ixrac əməliyyatlarının
genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının
dəstəklənməsinə imkan yaradacaq.

“Biz TSCFP-nin Azərbaycanda TuranBank ilə əlaqələr qurduğunu
görməkdən şadıq. AİB qlobal ticarət, iş yerlərinin artımı və
iqtisadi inkişafı dəstəkləmək öhdəliyinə sadiqdir. Bu tərəfdaşlıq
Azərbaycanda təchizat zəncirləri və ərzaq təhlükəsizliyi üçün çox
vacibdir.” Bu barədə AİB-nin Azərbaycan üzrə direktoru Candice
McDeigan bildirib.

“TuranBank ASC və AİB arasında bağlanan bu saziş beynəlxalq
maliyyə təşkilatlarının Bankımıza inamının daha bir mühüm
göstəricisidir. Bu saziş ölkəmizdə sahibkarlara beynəlxalq ticarət
fəaliyyətini asanlaşdırmaq, onların idxal və ixrac imkanlarını
genişləndirmək üçün lazım olan dəstəyi təmin etmək məqsədilə
nəzərdə tutulub. Əminəm ki, əməkdaşlığımız Azərbaycanda
iqtisadiyyatın qeyri-neft sektoruna, həmçinin xarici ticarətin
inkişafına öz töhfəsini verəcəkdir.”- deyə TuranBank-ın İdarə
Heyətinin sədri Fəzail Musayev qeyd edib.

Məlumat üçün bildirək ki, AİB firavan, inklüziv, dəyişikliklərə
uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail
olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan
qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə
yaradılıb. 49-u regiondan olmaqla bankın 68 üzvü onun
səhmdarlarıdır.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 21 satış
nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bank
daim inkişaf yolunu tutub, xidmətləri ilə həm keyfiyyət, həm də
kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olub.
TuranBank Azərbaycanın maliyyə sektorunda stabilliyi və
etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir. Bankın
təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012)
935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya
sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.)
səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır…