
Bakı. Trend:
Xaçmaz rayonunda görkəmli oftalmoloq-alim, Azərbaycan tibb
elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım
Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.
Trend xəbər verir ki, tədbir
iştirakçıları əvvəlcə Zərifə xanımın adını daşıyan məktəbdə
görkəmli alimin büstü önünə tər çiçəklər düzüb, əziz xatirəsini
ehtiramla yad ediblər.
Zərifə Əliyeva adına muzeydə akademikin həyat və yaradıcılığına
həsr olunmuş fotostendlərə baxış keçiriblər.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova
Zərifə xanım Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal
ictimai xadim kimi xarakterizə edib. Həkim peşəsini vicdanla yerinə
yetirən oftalmoloq-alimin insanların sağlamlığının qorunmasında,
xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq
onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu
diqqətə çatdırıb.
Çıxış edən müəllimlər və tibb işçiləri Zərifə xanım Əliyevanın
zəngin və mənalı ömür yolundan danışıblar. Görkəmli oftalmoloq
təkcə respublikamızda deyil, həmçinin beynəlxalq aləmdə də tanınmış
alim, ziyalı, ictimai xadim kimi xatirələrdə yaşadığı
vurğulanıb.





























